“Həyət evlərinin qiymətində artımlar müşahidə olunur. Bu, fantastik deyil, nisbi artımdır”.
Bakıda həyət evləri bahalaşıb - MƏNZİLLƏRİN QİYMƏTLƏRİ DƏ ARTACAQ
FED.az xəbər verir ki, bunu açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. O bildirib ki, hazırda daşınmaz əmlak bazarında qiymətlər artır:
“Mənzil bazarında artıma doğru meylləri var. Bu da ucuz, qeydiyyatda olan mənzillərin təklif portfelinin məhdud olması ilə bağlıdır. Bu istiqamətdə araşdırmalar davam edir. İndi mənzil bazarı üçün aktiv dövrdür və qiymət artımlarını müşahidə edirik. Mənzillərin qiymətində artımlar gözlənilir. Bu, fərdi yaşayış evlərində qeydə alınacaq artımdan daha yuxarı olacaq”.
Türkiyədə baş verən zəlzələdən sonra həyət evlərinin qiymətində hansısa dəyişikliyin olmasına gəlincə, ekspert bildirib ki, bu cür hadisələr zamanı psixoloji faktların təsiri nəticəsində fərdi evlərdə məskunlaşma ilə bağlı ictimai rəy formalaşır:
“Fikirlər daha çox buna yönəlir ki, fərdi yaşayış evləri daha təhlükəsizdir. Bu, qısamüddətli dövrü əhatə edən fikirdir. Bir müddətdən sonra ictimai rəydə yaranan bu fikir aradan qalxacaq və həyat öz axarına düşəcək. Zəlzələlər zamanı bu kimi məsələlər müzakirə olunub. Bir müddətdən keçdikdən sonra bu məsələ aradan qalxıb. İndi də belə fikirlərin ortaya çıxması başadüşüləndir. Qısamüddətli dövr üçün Azərbaycanda da fərdi yaşayış evlərinə olan maraq artacaq”.