2022-ci ildə Türkiyədə 3,5 milyon daşınmaz əmlak sahibini dəyişib, yəni satılıb.
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Torpaq Reyestri və Kadastr Baş İdarəsi məlumat yayıb.
«Türkiyədə 2022-ci ildə təxminən 3,5 milyon daşınmaz əmlak alqı-satqı əməliyyatı həyata keçirilib».
Bir il ərzində əmlak satışlarından 41 milyard 555 milyon lirə və ya 2,3 milyard dollarlıq sənəd və ya rəsmiləşdirmə haqqı toplanıb.
Təkcə 2022-ci ilin dekabr ayında 436 min 721 daşınmaz əmlak alqı-satqısı əməliyyatı aparılıb, bundan 6 milyard 411 milyon lirə, yəni təqribən 340 milyon dollar sənəd gəliri əldə edilib.
Alınıb-satılan əmlakların təqribən 44%-i evlər, 27% əkin sahəsi, 16% torpaq sahəsi, 6%-i obyektlər, qalanı isə digər əmlaklar olub.
Ötən il Türkiyədə ən çox əmlak alınıb-satılan şəhərlər İstanbul, Ankara və İzmir olub.
İstanbulda 417 min əmlak, Ankarada 170 min, Antalyada 132 min, Bursada 124 min, Konyada 107 min, Qaziantepdə 86 min əmlak, Kocaelidə və Balıkesirdə 85 min əmlak, Tekirda isə 38 min əmlak satılıb.
Rəsmi məlumatlara görə, Türkiyədə əmlsa satışı ildən ilə böyük sürətlə artır. Belə ki, 2019-cu ildə ölkədə 2,5 milyon əmlak, 2020-ci ildə 2,7 milyon, 2021-ci ildə isə 3,4 milyon əmlak satılıb. 2021-ci ildə əmlaksatışından 24 milyard lirə sənədləşmə gəliri əldə edilmişdi.