Bu ilin iyul ayında iriçaplı silahlardan və ağır artilleriya qurğularından istifadə etməklə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Eləcə də bax: Prezident Tovuzdakı döyüşlərə görə rayona pul ayırdı - Sərəncam
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, avqustun 6-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Ermənistan Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün 2020-ci il dövlət büdcəsində Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə bir milyon manat məbləğində vəsait ayrılıb.
FHN Sərəncama uyğun tədbirlərə başlayıb. Belə ki, yuxarıda göstərilən yaşayış məntəqələrində, ilk növbədə, mütəxəssislərin rəyinə əsasən artilleriya atəşi nəticəsində qəzalı vəziyyətə düşən evlərin söküntüsünə, işlərin normal həyata keçirilməsinin təmin edilməsi üçün ərazinin təmizlənməsinə, habelə təmir-bərpa işlərinə başlanılıb. İşlərin qısa müddətdə tamamlanması nəzərdə tutulur və bu məqsədlə əraziyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb olunub.