Azərbaycanda tikintiyə icazələr sahəsində tətbiq edilən yeniliklər açıqlanıb.
Eləcə də bax: FHN tikinti fəaliyyəti subyektlərinə müraciət etdi - Bu Qərar Ləğv Edilib
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində «Tikinti və istismara icazələrin verilməsi sahəsində xidmətlərin rəqəmsallaşdırılması» mövzusunda görüş keçirilib.
Görüşdə tikinti sektorunda fəaliyyət göstərən şirkətlərin, layihə təşkilatlarının, hüquq şirkətlərinin nümayəndələri, biznes assosiyasiyalarının, ictimai birliklərin üzvləri və fərdi sahibkarlar, o cümlədən tikintiyə icazə icraatında iştirak edən aidiyyəti dövlət qurumlarının əməkdaşları iştirak edib. Burada Şəhərsalma və Arxitektura Komitəsinin «Bir pəncərə» sisteminin yeni imkanları əyani nümayiş olunub.
Tədbir iştirakçılarına «Bir pəncərə» sisteminin iş mexanizmi nümayiş olunub, istifadəçinin elektron kabineti vasitəsilə test müraciətin bütün mərhələləri, o cümlədən tikinti layihəsinin elektron qaydada portala yüklənməsindən başlayaraq aidiyyəti dövlət qurumlarının rəylərinin onlayn şəkildə toplanması və nəticədə elektron icazənin alınmasınadək bütün proses əyani formada təqdim edilib.
Bildirilib ki, hazırda Komitə tərəfindən sistemin daha da təkmilləşdirilməsi və hər bölmənin ölkə üzrə tətbiq olunması istiqamətində işlər davam etdirilir.
Həmçinin görüşdə şəhərsalma nəzarətinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb, yeni tikilən yaşayış binalarının şəhərin ümumi görünüşünə xələl gətirməməsi üçün fasad pasportunun yaradılmasının önəmindən, ictimai nəzarətin özbaşına tikinti işlərinə təsir gücündən danışılıb.