Azərbaycanda tikintiyə icazə üçün müraciətlər elektron qaydada qəbul ediləcək. FED.az xəbər verir ki, bu, prezident İlham Əliyevin «Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında» fərmanında nəzərdə tutulub.
Fərmanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılır ki, ASAN Xidmətlə birlikdə Agentliyi ilə birlikdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi çərçivəsində ölkə üzrə tikintiyə icazə üçün elektron müraciət sisteminin yaradılması və həmin sistemin tikintiyə icazə icraatında iştirak edən digər qurumların elektron informasiya sistemlərinə, “Elektron hökumət” və “Lisenziyalar və icazələr” portallarına inteqrasiyası ilə bağlı zəruri tədbirlər görsünlər.
Digər dövlət orqanlarına isə tapşırılıb ki, bu məsələdə Komitəyə və ASAN Xidmətə hərtərəfli dəstək göstərsinlər. Prezident Administrasiyası isə bu işləri əlaqələndirəcək.
Fərmanda Nazirlər Kabinetinə tapşırılır ki, tikintiyə icazə üçün elektron müraciət sisteminin yaradılması ilə bağlı maliyyələşmənin təmin edilməsi üçün tədbirlər görsün.