Nazirlər Kabineti “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edib.
FED.az xəbər verir ki, Tikintilərin Dövlət reyestri tikilən, istismar edilən, sökülən tikinti obyektləri barədə və ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi məqsədi ilə planlaşdırılacaq ərazidə tikinti niyyətinin həyata keçirilməsi ilə bağlı, habelə həmin ərazidə yerləşən torpaq sahələrində onların dəyərini əhəmiyyətli şəkildə artıran dəyişikliklər edilməsi ilə bağlı qadağaların qeydiyyatını aparmaqdan ibarətdir.
Dəyişiklik Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi ilə bağlıdır. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi də Reyestrə daxil edilməlidir.
“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun əlavəsində nəzərdə tutulan və ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri isə aşağıdakılardır:
1. Karbohidrogen ehtiyatlarının axtarışı, kəşfiyyatı, işlənməsi, hasilatı və nəqlinə dair layihələr.
2. Neft və qaz emalı zavodlarının layihələndirilməsi.
3. Neft, qaz və ya kimyəvi məhlulların nəqli üçün uzunluğu 20 km və daha çox, diametri 500 mm və daha çox olan boru kəmərlərinin layihələndirilməsi.
4. Neft, neft-kimya və kimyəvi məhsullar üçün əsas anbar obyektlərinin layihələndirilməsi.
5. Gücü 300 MVt və daha çox olan istilik elektrik stansiyalarının, eləcə də gücü 220 kilovoltdan, uzunluğu 15 km-dən çox olan yüksək gərginlikli elektrik xətlərinin layihələndirilməsi.
6. Atom elektrik stansiyalarının və nüvə reaktorları olan digər obyektlərin layihələndirilməsi.
7. Gücü 10 MVt-dan çox olan su, günəş, bioqaz, geotermal və digər elektrik stansiyalarının layihələndirilməsi;
8. Metallurgiya müəssisələrinin (zavodlarının) layihələndirilməsi.
9. Kimyəvi məhsulların istehsalı sahələrinin layihələndirilməsi.
10. Tikinti materiallarının (o cümlədən sement) istehsalı sahələrinin layihələndirilməsi.
11. Magistral avtomobil yollarının, dəmiryol xətlərinin (vaqonların yuyulması və təmizlənməsi stansiyaları da daxil olmaqla) layihələndirilməsi.
12. Hava limanlarının layihələndirilməsi.
13. Dəniz ticarət limanlarının, eləcə də sahil limanları ilə əlaqəli boşaltma və yükləmə məqsədli və ağırlığı 1350 tondan yuxarı gəmilərin yanalma körpülərinin (bərələr istisna olmaqla) layihələndirilməsi.
14. Təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların layihələndirilməsi.
15. İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi üzrə layihələr.
16. Hündürlüyü 15 metr və daha yüksək olan su bəndlərinin, su anbarlarının və başqa su tutumlarının (rezervuarların) layihələndirilməsi.
17. Çay hövzələri arasında su resurslarının bölüşdürülməsi üzrə layihələr.
18. Ərazi planlaşdırılması sənədlərinin layihələndirilməsi.
19. Şəhərlərin su təchizatı və kanalizasiya sistemləri kompleksinin layihələndirilməsi.
20. Su mənbələrindən istifadə (il ərzində istifadənin həcmi 10 mln. kubmetrdən artıq olduqda), eləcə də uzunluğu 20 km-dən, diametri 500 mm və daha çox olan su boru kəmərlərinin layihələndirilməsi.
21. Əhatə etdiyi sahə 1000 ha-dan çox olan irriqasiya və meliorasiya sistemləri, eləcə də magistral suvarma kanalları və kollektorların layihələndirilməsi.
22. Kağız və sellüloz istehsalı müəssisələrinin layihələndirilməsi.
23. Tikinti materialları yataqlarının mənimsənilməsi və istismarı layihələri.
24. Dağ-mədən fəaliyyəti üzrə metal (o cümlədən əlvan metal) filizlərinin yataqlardan çıxarılması, hasilatı, işlənilməsi və emalı layihələri.
25. Emal istiqamətli istehsal sahələrinin layihələndirilməsi.
26. 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələndirilməsi.
27. Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq və quşçuluq məhsulları istehsalı müəssisələrinin layihələndirilməsi.
28. İri istehsal təyinatlı sənaye müəssisələrinin (texnoparkların) layihələndirilməsi.
29. Texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin layihələndirilməsi.
30. Su fonduna aid zonalarda irimiqyaslı tikinti layihələri (süni adaların, qurğuların yaradılması və s.).
31. Böyük ərazilərdə (5 ha-dan çox olan) meşələrin irimiqyaslı qırılması və ya irimiqyaslı (10 ha-dan çox olan) meşəsalma fəaliyyəti üzrə layihələr.
32. Gücü 1 MVt-dan çox olan külək elektrik stansiyalarının (külək generatorları parkları) layihələndirilməsi;
33. Yeni metro stansiyalarının, körpülərin, tunellərin layihələndirilməsi.
34. İrimiqyaslı kənd təsərrüfatı (aqroparklar), habelə balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatı fəaliyyəti üzrə layihələr.