ASAN Xidmətin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi Bakıda apardığı monitorinqlər zamanı müqaviləsiz çalışan işçilər aşkar edib.
FED.az xəbər verir ki, bu günə kimi Mərkəz ümumilikdə 15 səyyar monitorinq aparıb. Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 15-i sifarişçi, 9-u podratçı, 17-si subpodratçı olmaqla 43 hüquqi və fiziki şəxsi əhatə edən qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı səyyar monitorinq keçirilib. Yoxlamaların həyata keçirildiyi dövr ərzində yoxlanılmış 557 işçidən 382-nin müqavilə ilə (106 işçi xidməti müqavilə), 175-nin isə müqaviləsiz işlədiyi aşkar olunub.
Monitorinq nəticəsində aşkar olunmuş faktlar tədbir görülməsi üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Baş Prokurorluğa göndərilib.
Qeyd edək ki işçini müqaviləsiz işlətməyə görə, ciddə cəzalar nəzərdə tutulub. Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox olan) işçini hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edənlər yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi xəbərdarlıq edir ki, səyyar monitorinqlərin mütəmadi davam etdirildiyini nəzərə alaraq əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildiriş sistemində müqavilə qüvvəyə minmədən işçi tikinti sahəsinə cəlb olunmamalıdır.