Tikinti şirkətlərinin satdığı mənzillərdə sahənin hesablanması ilə bağlı ciddi problemlər var.
Eləcə də bax: Mənzillərin sahəsi qanuna görə bu şəkildə hesablanmalıdır
FED.az xəbər verir ki, bunu əmlak eksperti Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, tutaq ki, MTK mənzili vətəndaşa 100 kvadratmetr adı ilə satır və vətəndaş hər kvadratmetrinə pul ödəyir, lakin müəyyən bir müddətdən sonra ona verilən çıxarışda həmin mənzilin sahəsi 85, maksimum 90 kvadratmetr yazılır:
"Vətəndaş sonradan həmin mənzili satışa çıxaranda qiyməti çıxarışda yazılan kvadratmetrə uyğun təklif etmək məcburiyyətində qalır. Bu da xeyli pul itkisinə səbəb olur. Əksər binalarda vəziyyət belədir. Təsadüfi tikinti şirkətləri var ki, müqavilədə hansı sahə yazılıbsa, onun pulunu alır".
E.Fərzəliyev qeyd edib ki, qanunvericiliyə görə mənzil satılarkən iç və çöl divarlar, havalandırma sistemi və eyvanlar ya mənzilin ümumi sahəsinə salınmamalıdır, ya da əmsallar çıxılmalıdır:
"Düzdür sahibkar aldığı torpaqda neçə kvadratmetr bina tikəcəksə, onun vergisini ödəyir. Amma vətəndaşa satanda 10-15 faiz az yazılmalıdır. Hardasa, tikinti şirkəti də haqlıdır. Çünki həm vergi verir, həm də şəhərsalmanın ödəmələrini köçürür. Amma vətəndaş da problemlə üzləşir. Qanunvericiliyin tələbləri tikinti şirkətlərinə hansısa bir formada təlqin edilməlidir. Tikinti şirkətləri mənzili satarkən həmin sahəni qeyd etmədikləri halda yəqin ki, zərəri qarşılamaq üçün qiymətləri artırmalı olacaq. Amma qiymətlər artırılmalı olsa belə, gərək müqavilədə nə qeyd olunubsa, bu, çıxarışda da öz əksini tapsın. Bu problemlər vətəndaşın mülkiyyət hüququnu pozur. Nə qədər alqı-satqı prosesi sırf bu məsələyə görə pozulur". (Trend)