Çoxmənzilli binalarda mənzillərin sahəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması“ qaydalarına uyğun olaraq aparılmalıdır.
Azərbaycanda ev qiymətləri - Nə Dərəcədə Reallığa Uyğundur?
FED.az xəbər verir ki, müvafiq qaydalara əsasən mənzillərin ümumi sahəsi – yaşayış otaqlarının, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir.
Qaydaların 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Yəni, otaqların sahəsi daxili divarın üst səthindən qarşıdakı daxili divarın üst səthinə qədər ölçülməklə hesablanmalı, yan və mənzilin daxilindəki arakəsmə divarların tutduğu sahə nəzərə alınmamalı və ümumi sahəyə əlavə edilməməlidir.
Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir.
Qaydaların 3.8-ci bəndinə əsasən balkon və terrasların sahələri, şüşəbənd və lociyalar, eyvanlar (verandalar) hesablanarkən müvafiq olaraq azaltma əmsalları tətbiq edilir. Belə ki, balkon və terrasların sahələri – 0,3; şüşəbənd və lociyalar – 0,5 azalma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə daxil edilir. Eyvanların (verandaların) sahələri azaldılmadan mənzilin ümumi sahəsinə daxil edilir. Bəzi hallarda vətəndaşlar arasında balkon və eyvanın fərqi ilə bağlı anlaşılmazlıq yaranır. Məlumat üçün bildirək ki, balkon- fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança, eyvan-binaya bitişik və ya onun içərisində tikilmiş, isidilməyən, açıq və ya şüşələnmiş yerləşgədir.
Beləliklə balkon və terrasların sahələrinin 30%-i, şüşəbənd və lociyaların 50%-i, eyvanların (verandaların) tam sahəsi mənzilin ümumi sahəsinə əlavə edilməlidir. Nümunə üçün qeyd edək ki, balkonun sahəsi 10 kv.m olduqda, 0,3 azaltma əmsalı tətbiq edərək balkona dair 3 kv.m sahə mənzilin ümumi sahəsinə əlavə olunmalıdır.(trend)