Qloballaşan dünyada demək olar ki, hər gün texnologiya yenilənərək inkişafını durmadan davam etdirir. Yeniliklər və sürətli inkişaf insanları hər gün yeni texnoloji inkişafla qarşılaşdırır. Belə bir yeniliklərdən biri də tikinti sektorunda, o cümlədən bina və digər tikililərdə istifadə olunan armaturu əvəz edə biləcək, tərkibi dəmir olmayan GFRP fiberglas möhkəmləndirici armatur məhsullarıdır. Ağır yük üçün nəzərdə tutulan GFRP armaturu polyester və ya vinilester qatran matrisi ilə bağlanmış çoxsaylı davamlı liflərdən ibarətdir.
FED.az xəbər verir ki, fiberglas GFRP armatur məhsulunu Dubay Dünya Ticarət Mərkəzində 167 ölkənin iştirak etdiyi sərgidə İtaliyanın tanınmış tikinti məhsulları istehsalçısı olan “Marplad” şirkəti nümayiş etditib.
Şirkətin İdarə Heyətinin sədri (CEO) Giuseppe Manuelenin FED.az saytına verdiyi məlumata görə, “Marplad” yeraltı tikintilər, beton və yüksək keyfiyyətli infrastrukturun tikintisi üçün materiallar üzrə ixtisaslaşmış şirkətdir: “Şirkətimiz şüşə lifli profillərin, natrium silikatların, beton əlavələrinin və sement premikslərinin istehsalında qabaqcıl texnologiyalardan istifadə etməklə daha genişlənib. GFRP fiberglas möhkəmləndirici armaturu da bizim əsas məhsullarımızdan biridir. Armatur Frp üzəngiləri qatranla hopdurulmuş liflərdən ibarətdir. Sonradan, bu xam liflər istiliklə rahat şəkildə əyilir. Bu prosedur yüksək lif tərkibinə və yaxın paralel lif hizalanmasına imkan verir. Nəticədə, düz çubuqlara bənzər yüksək möhkəmlik və elastiklik modulu təmin edilir. Armaturlar 2d, (dairəvi və düzbucaqlı) və 3d (spiral) şəklində istehsal edilə bilər”.
Giuseppe Manuelenin sözlərinə görə, yeraltı tunellər, yol tikintisi, körpü bina və tikintiyə aid bütün sahələrdə istifadə olunan fiberglass armatur məhsulunun 1 kiloqramı 2,5 ABŞ dollarıdır. Bu məhsul müxtəlif ölçülərdə istehsal olunur və ümumiyyətlə dəmir armatur kimi korroziyaya uğramır. Fiberglass məhsulunun bir çox üstünlüyü asan kəsilməsi, uzun ömürlü olması, asan şəkildə əllə quraşdırılması, istilik izoliyasiyalı olması, yüksək kimyəvi müqavimətli olması, yüksək dözümlüyü və gərginlik gücünə davamlı olmasıdır.
Qeyd edək ki, şirkətin Avropada, Amerikada, Şimali Afrikada və Yaxın Şərqdə dilerləri mövcuddur.