Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərlik etdiyi “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun onlayn iclası baş tutub.
Eləcə də bax: Azərbaycanda yaşayış evlərinin 1 kvm-nin tikintisi – 429 MANATA BAŞA GƏLİR
FED.az xəbər verir ki, iclasda
- “Bir pəncərə” e-sisteminin funksionallığının təkmilləşdirilməsi,
- tikintiyə və istismara icazələrin verilməsi sahəsində xidmətlərin rəqəmsallaşdırılması,
- tikintidə keyfiyyətə nəzarətlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi barədə yanvar-iyul ayları ərzində dövlət qurumları tərəfindən görülən işlər müzakirə edilib.
Onlayn iclasda tikinti və istismara icazə prosesi üzrə müraciətlərin icra vəziyyəti barədə ətraflı məlumat verilib, buna dair statistik məlumatları və təhlilləri əks etdirən təqdimatlar nümayiş etdirilib.
İclasda xidmәtlәrin rәqәmsallaşmasının vacibliyi qeyd edilib.
Hazırda bunun üçün
- “e-tikinti.gov.az” portalının yaradılmasına,
- tikinti və istismar üçün icazələrin və məlumatlandırma icraatı üzrə razılaşmaların yalnız elektron sistem vasitəsilə verilməsi tələbinin qanunvericilikdə təsbit edilməsinə,
- müraciət və icazələrin ümumi sayında “Bir pəncərə” e-sistemi vasitəsilə verilənlərin xüsusi çəkisinin artırılmasına,
- sistem üzərindən edilən ödənişlərin Hökumət Ödəniş Portalı vasitəsilə icrasının təmin edilməsinə,
- vətəndaşlara verilən elektron ünvan arayışları ilə bağlı məlumatların, habelə Daşınmaz əmlakın kadastrı və reyestrini aparan qurumun sözügedən e-sistemə inteqrasiyasına
dair görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
İclasda şəhərsalma məsələlərinə də toxunulub. Belə ki, şəhərsalma və tikintiyə dair normativ sənədlərin qabaqcıl təcrübəyə və şəhərsalma sahəsinin məqsədlərinə uyğun şəkildə təkmilləşdirilməsi və tətbiqi üçün tədbirlərin, habelə aidiyyəti dövlət qurumlarında tikintiyə və istismara icazələrin verilməsi ilə bağlı istifadə olunan mövcud sistemlərin qarşılıqlı effektiv fəaliyyətinin və məlumat mübadiləsinin təmin edilməsinə dair təkliflər səsləndirilib.
Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya prezident İlham Əliyevin 13.07.2016-cı il tarixli Sərəncamı ilə yaradılıb. Komissiyanın yaradılmasında məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaqdır. Komissiyanın əsas vəzifələri biznes mühitinin və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması, bu istiqamətdə hazırlanacaq proqram və layihələrinin həyata keçirilməsi üçün yerli və xarici ekspertləri cəlb etmək, bu sahədə dövlət orqanları və qurumlarının fəaliyyətini əlaqələndirməkdir. Qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi məqsədi ilə Komissiya tərəfindən 2018-ci ildən etibarən “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupu da daxil olmaqla ümumilikdə 19 işçi qrupu yaradılıb. “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun tərkibi rəhbər, katib və 24 üzvdən ibarətdir.