İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ipoteka kreditlərinə güzəştlərin və möhlət verilməsi ilə bağlı məlumat yayıb.
FED.az xatırladır ki, bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) koronavirus və karantin tədbirləri nəticəsində zərər çəkən vətəndaşların və biznesin bank kreditləri ilə bağlı Tədbirlər Planını açıqlayıb. Planda ipoteka kreditləri ilə bağlı güzəştlər də əksini tapıb.
Eləcə də bax: Təcili: Azərbaycanda bank kreditlərinə - GÜZƏŞTLƏR BAŞLAYIR - RƏSMİ AÇIQLAMA
Fond bildirir ki, İpoteka Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin restrukturizasiyası ilə bağlı məsələlər Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası»nın 6-1-ci hissəsi ilə tənzimlənir. Həmin qaydalara görə, intizamlı borcalanlar (yəni krediti ləngitməyənlər və vaxtında ödəyənlər) müvəqqəti maliyyə çətinlikləri ilə üzləşdikləri hallarda (gəlirin azalması və ya itirilməsi, xəstəlik, bədbəxt hadisə, özünün və ya himayəsində olan şəxslərin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlərin artması və s.) kreditin restrukturizasiyası (yəni vaxtının uzadılması və ya möhlət) üçün müraciət edə bilərlər.
Fond bildirir ki, dövlət xətti ilə (yəni İpoteka Fondunun tərəfindən) ipoteka kreditləri gəlirləri rəsmi qaydada təsdiq olunan, ödəniş qabiliyyətli borcalanlara verilir. Bunun sayəsində hazırda yüksək keyfiyyətli (yəni gecikməsi olmayan) ipoteka kreditləri portfeli formalaşıb. Bunun nəticəsidir ki, restrukturizasiya mexanizminin tətbiq olunduğu son 4 il ərzində borcalanların müraciəti əsasında cəmi 37 kreditin vaxtı uzadılıb.
Hətta hazırda isə koronavirus pandemiyası və onun iqtisadiyyata təsirinə baxmayaraq hazırda Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə ödənişlər vaxtında edilir və bu məsələdə əvvəlki dövrlərdən fərq yoxdur.
Bütün bunları nəzərə alaraq, Fond bildirir ki, gəlirlərinin azalması və iş yerlərinin itirilməsi halları ilə üzləşmiş intizamlı borcalanlar yalnız qaydalarla nəzərdə tutulmuş əsaslar yarandıqda ipoteka kreditlərinin restrukturizasiyası üçün müvafiq qaydada müraciət edə bilərlər.
Başqa sözlə, ipoteka kreditindən möhlət almaq üçün ya gəlirləri azalanlar, ya da iş yerini itirənlər müraciət edə bilərlər.