Azərbaycanda ucuz qiymətə dövlət mənzilləri satışa çıxarılıb.
FED.az xəbər verir ki, bu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarında mənzillərin ms.sosial.gov.az portalı üzərindən onlayn satışına başlayıb.
Mənzillər 3 və 4 otaqlıdır, tam təmirlidir, istifadə olunmayıb və çıxarışlıdır. Onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar, qiymətləri isə olduqca sərfəlidir.
Məsələn «Ümid» qəsəbəsində inşa edilən “Yeni yaşayış kompleksi”ndə yerləşən Bina-1, Mənzil 47 alıcılara təqdim olunur. 83,5 m² sahəyə malik olan 3 otaqlı mənzil 1-ci mərtəbədə yerləşir. Mənzilin qiyməti 58 min 450 manat təşkil edir ki, bu da hər kvadratmetrə görə cəmi 700 manat deməkdir.
Kürdəxanı qəsəbəsindəki kompleksdə yerləşən Bina-1, Mənzil 32-nin sahəsi 71 m² -dir. 9 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən 3 otaqlı mənzil 59 min 640 manata təklif olunur . Bu da hər m² üçün 840 manat deməkdir.
Ramana qəsəbəsindəki “Yeni yaşayış kompleksi”ndə 3-4 otaqlı mənzillər satışa çıxarılıb.
100,7 m² sahəyə malik 4 otaqlı mənzil 85 min 595 manata, yəni kvadratmetri 850 manata təklif olunur. 79,2 m² sahəyə malik 3 otaqlı mənzilin qiyməti isə 67 min 320 manata bərabərdir, yəni kvadratı 850 manata.
Abşeron rayonunda yerləşən “Yeni yaşayış kompleksi”ndə isə alıcılara bir neçə mənzil təqdim olunur. Mənzillərin sahəsi 69m²- 83 m², qiymətləri isə 54 -74 min manatdır. Yəni kvadratmetrin qiyməti 780-890 manatdır.
Bu kompleksdə 3 otaqlı mənzillər əsasən 69–71 m² sahəyə malikdir və qiyməti 53 min – 57 min manat aralığında dəyişir. 4 otaqlı mənzillər isə 82,8 m² sahəyə malikdir, qiyməti isə 64 min – 68 min manat arasında dəyişir.
Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır.
Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır, ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var. Mənzili ilk bron etmiş şəxs almaq istəməsə, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçir. Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır.
Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər.