Gürcüstanda 150 illik tarixi olan Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının müasir üslubda inşa ediləcək yeni binasının təməlqoyma mərasimi keçirilir.
FED.az verir ki, tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov və onun rəhbərlik etdiyi nüməyəndə heyəti, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, yerli ictimaiyyət və media nümayəndələri iştirak edirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan olunub. Yeni teatr kompleksinin təməlqoyma mərasiminin Azərbaycan xalqının Ümummilli Lideri, Gürcüstanın böyük dostu Heydər Əliyevin 100 illiyinə həsr olunan mötəbər tədbirlər çərçivəsində keçirilməsi böyük rəmzi məna daşıyır.
Abidə müasir fasadla sintez olunacaq. Eləcə də müasir və qabaqcıl texnologiyalarla təchiz olunmuş 500-600 nəfərlik tamaşa zalı və interaktiv ekspozisiya sahəsinin yaradılması planlaşdırılır. Bununla da yüksək texnoloji imkanları ilə beynəlxalq əhəmiyyətli konfransların, müxtəlif növ sərgilərin keçirilməsi imkanı yaradılacaq. Teatrın ümumi ərazisi 3564 kvadrat metrdir.
Qeyd edək ki, Tbilisi Dövlət Azərbaycan Dram Teatrı 1872-ci ildə təsis edilib və 1947-ci ilə kimi fəaliyyət göstərib. Həmin ildə bağlanan teatr 2004-cü ildə Ulu Öndər Heydər Əliyevin adı ilə yenidən fəaliyyətə başlayıb. (Report)