Ölkə başçısının əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırığına uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyinin daha bir layihəsi Sumqayıt şəhərində reallaşdırılır.
Eləcə də bax: Kirayə üçün alınmış mənzillərin - ORTA BAZAR QİYMƏTİ AÇIQLANDI
FED.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar olaraq Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 0.76 ha torpaq sahəsi Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmişdir. Layihəyə uyğun olaraq həmin torpaq sahəsində 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasının tikintisi həyata keçirilir.
Bu binalarda ümumilkdə 144 mənzil olacaq. Onlardan 36-nın birotaqlı, 72-nin ikiotaqlı, 36-nın üçotaqlı olması planlaşdırılır. Birotaqlı mənzillərin sahəsi təqribən 35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 56 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 74 kvadratmetr təşkil edəcək. Vətəndaşlara güzəştli şərtlərlə təklif ediləcək bütün mənzillər tam təmirli olacaq, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin ediləcək.
Ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi ilə yanaşı, mühəndis-kommunikasiya sistemi qurulacaq, yaşıllaşdırma və abadlıq işləri həyata keçiriləcək, həmçinin futbol meydançası istifadəyə veriləcək. Ümumilikdə bütün işlərin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.