Yaxın vaxtlarda Azərbaycanın daha bir şəhərində güzəştli mənzillərin satışına start veriləcək.
FED.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıtda güzəştli mənzillərin tikildiyi yaşayış konmpleksində işləri tamamlamaq üzrədir.
Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən yaşayış kompleksi 76 sot ərazidə inşa edilir. Sumqayıt şəhərində inşa edilən layihə 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 144 mənzil olacaq. Onlardan 18-i birotaqlı, 18-i studio tipli, 72-si ikiotaqlı, 36-sı isə üçotaqlıdır.
Birotaqlı və studio mənzillərin sahəsi təqribən 35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 56 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi təqribən 74 kvadratmetr təşkil edəcək. Vətəndaşlara güzəştli şərtlərlə təklif ediləcək bütün mənzillər tam təmirli olacaq, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin ediləcək.
FED.az-ın hesablamalarına görə, Sumqayıtdakı güzəştli mənzillərin kvadratmetri alıcılara Bakıdakı kimi – 950 manata təklif ediləcək. Bu hesabla Belə mənzillərin 10% ilkin ödəniş və 30 illik kreditlə alındığı halda aylıq ödəniş 1-otaqlı və tudio mənzillər üçün 143 manat, 2-otaqlı mənzillər üçün 229 manat, 3- otaqlı mənzillər üçün isə 302 manat təşkil edəcək.
Ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi ilə yanaşı, mühəndis-kommunikasiya sistemi qurulacaq, yaşıllaşdırma və abadlıq işləri həyata keçiriləcək, həmçinin futbol meydançası istifadəyə veriləcək.
Qeyd edək ki, layihə üzrə bütün işlərin 2020-ci ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulurdu, amma pandemiyanın təsiri ilə bu işlərin başa çatdırılması ləngiyib və yaxın günlərdə başa çatır.