Bakının mərkəzində, Yasamal rayonunda yerləşən və «Sovetski» adı ilə tanınan ərazidə böyük tikinti layihələri planlaşdırılır.
FED.az xəbər verir ki, ərazidə yeni yaşayış kompleksinin salınacağı gözlənilir.
Tikinti işləri Abdulla Şaiq küçəsi boyunca, «Nizami» metro stansiyasının arxası və onu bitişik olan əraziləri əhatə edəcək.
Ərazi ilə bağlı hazırlanan yeni layihə Bakının əhalini ən sıx yaşadığı əraziləri əhatə edir.
Qeyd edək ki, bir neçə il əvvəl buradakı köhnə yaşayış binaları sökülərək Mərkəzi park inşa edilib. Bu parkın başladığı ərazi Nərimanov heykəlinin ətrafından başlayaraq 28 May metro stansiyasınadək olan əraziyə uzanır.
Mərkəzi park salınanda burada heç bir tikilinin aparılmayacağı bildirilirdi. İndi isə məlum olur ki, artıq Mərkəzi Parkın yaxınlığında yeni yaşayış kompleksi layihələndirilib.
Yaşayış kompleksi Qış Bağı ilə Mərkəzi Parkın arasında yerləşəcək, buradakı inzibati binalara toxunulmayacaq.
Tiknti aparılacaq ərazi Abdulla Şaiq və Cəfər Cabbarlı, eləcə də Füzuli küçələri ilə əhatələnəcək.
Ümumilikdə tikinti işləri 606 min kvadratmetr ərazini əhatə edir – bu təxminən 800 metr X 800 metr ölçülü ərazi deməkdir.
2019-cu ildən sifariş edilmiş layihənin sifarişçisi açıqlanmır, amma onun özəl şirkət olduğu bildirilir.