Bu gün, aprelin 29-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin növbəti partiyasının satışını həyata keçirib.
FED.az xəbər verir ki, satışa çıxarılan 154 mənzilin hamısı bir dəqiqədən də az müddətə, cəmi 40 saniyəyə satılıb. MİDA özü hələlik bu barədə rəsmi açıqlama yaymasa da, prosesi izləyən ekspertlər ilkin məlumatları və təəssüratlarını bölüşüblər.
Eləcə də bax: Güzəştli mənzillər satılır, amma… – HAMIYA ÇATMAYA BİLƏR
Prosesi izləyən İKT üzrə ekspert, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz mənzillərin satışı zamanı heç bir problem yaranmadığını bildirib.
Qeyd edək ki, sosial mənzillərin satışına tələbathəddən artıq yüksək olub. Satışın başlanmasına 2 dəqiqə qalmış sistemdə «start» vəziyyətində 4073 alıcı olub. Satışa 154 mənzilin çıxarıldığını nəzərə alanda hər mənzilə azı 26 alıcı iddia edib.
Bu dəfə sosial mənzillərin satış prosesini dövlət və özəl sector nümayəndələri, XDMX, ASAN, NRYTN, Delta Telekom, MHM, AzİnTelecom , MHM, eGov Mərkəzi , Ernest&Yang və s. Qurumların nümayəndələri də izləyib.
Osman Gündüz bildirib ki, sosial mənzilərin satışı olduqca sürətlə baş verib: «Artıq 4-5 saniyədən sona ilk mənzil alındı». Ekspertin sözlərinə görə, evlərin tez satılmasının səbəbləri əvvəlcədən görülən işlər və ev almaq istəyənlərin yeni üsullara əl atması olub.
Belə ki, satışdan bir ay əvvəl MİDA ev satışı ilə bağlı DEMO versiyanı işə salmışdı. Bu sistem vasitəsilə ev almaq istəyənlər DEMO versiyada satış prosesində məşq edib, özlərini sınaya bilərdilər.
Bundan başqa, ev almaq istəyən şəxslərin əksəriyyəti artıq bu prosesi özləri aparmaqdansa, onu daha təcrübəli İT mütəxəssislərinin köməyi ilə həyata keçirməyə üstünlük veriblər. Nəticədə evlərin satışı müddəti kəskin azalıb:
«Əvvəlcədən məlum idi ki, DEMO versiyada 6 saniyəyə ev seçə bilənlər olub. Bu gün isə ilk dəfə olaraq bu satışda ilk seçim 4-5 saniyə çəkdi. 38-40 saniyəyə bütün mənzil seçimi başa çatdı».
Bununla yanaşı, ekspert qeyd edir ki, satış prosesinin canlı yayımlanmasına icazə verilməyib: «Təəssüf ki mənə CANLI yayım üçün imkan vermədilər. Düşünürəm ki növbəti mərhələdə mütləq bütün prosesi SOSİAL MEDİADA və TV-lərdə CANLI yayım etmək lazımdır».
Ekspertin sözlərinə görə, MİDA mənzil tikintisinin nə vaxt başa çatacağı və onların nə vaxt satılacağı ilə bağlı də əhaliyə daha dəqiq məlumat verməlidir: «MİDA -nın hazırda tikdiyi binalara baxanda belə anlamaq olar ki yaxın zamanda iddiaçıların hamısı güzəştli mənzil əldə edə biləcək. MİDA rəhbərliyi bu mənzil tikintisi ilə bağlı dinamikanı və məhdud sayda güzəştli mənzil iddiaçılarının da ən uzağı nə zaman mənzil ala biləcəyini indidən təxmini olaraq elan edə bilər».
Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) aprelin 29-da 154 güzəştli mənzili satışa çıxarıb. Satışa çıxarılan mənzillərin 28-i 1 otaqlı, 87-si 2 otaqlı, 39-u isə 3 otaqlıdır. 1 otaqlı mənzillərin qiyməti 29 925 manatdan, 2 otaqlılar 47 282 manatdan, 3 otaqlı mənzillər isə 65 626 manatdan başlayır.
Formal olaraq mənzillərin satışı aprelin 30-u gecəyə kimi davam edəcəkdi.