Sosial mənzillər sentyabrın 5-dən satışa çıxarılır. Səhər saat 11:00-dan etibarən vətəndaşlar Mənzil İnşaatı Dövlət Agentliyinin saytına daxil olaraq oradan mənzilləri seçə bilərlər.
FED.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, mənzillər mətbəx mebeli, kombi sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilib. Güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş bazar qiymətindən aşağı müəyyən olunub.
Bir otaqlıların qiyməti 29 min 925 manatdan, iki otaqlı mənzillərin qiyməti 47 min 282 manatdan, üç otaqlı mənzillərin qiyməti isə 65 min 626 manatdan başlayır. Mənzillərin satış qiymətinə əlavə dəyər vergisi daxildir.
Mənzillər İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına alındıqda 10 faiz ilkin ödəniş edərək 4 faiz dərəcəsi ilə 30 il müddətinə, güzəştli ipoteka ilə alındıqda bir otaqlı mənzillər üçün aylıq ödəniş 129-136 manat, iki otaqlı mənzillər üçün aylıq ödəniş 203-236 manat, üç otaqlı mənzillər üçün aylıq ödəniş 282-288 manat arasında olacaq.
Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə mənzilin satış qiymətini tam həcmdə, öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 faiz endirim əldə edəcək. Öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək mənzilə sahib olmaq istəyən vətəndaş üçün isə ödənişlər bir otaqlı mənzillər üçün 26 min 932 manatdan, iki otaqlı mənzillər üçün 42 min 554 manatdan, üç otaqlı mənzillər üçün 59 min 63 manatdan başlayır. Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalında əəə.e-gov.az yaradılmış "Güzəştli mənzil" elektron sistemi vasitəsilə həyata keçirilir. Yalnız “Güzəştli mənzil” elektron sistemində kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir.
Qeyd edək ki, cari ilin may ayının 7-də Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində 1, 2, 3 və 4 saylı binalarda yerləşən ilk 260 mənzilin satışına başlanılsa da, sistemdə yaranmış problemlər ucbatından vətəndaşlar üçün bərabər imkanların yaradılması prinsipi pozulmuş və nəticələr ləğv edilmişdi.
Mənzil İnşaatı Dövlət Agentliyindən bildirilib ki, elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqlara malikdir. Həmin şəxslər elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən xidmət”, yəni satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edir prinsipi əsasında mənzillər seçə biləcəklər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: