Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında güzəştli mənzillərin satışı prosesinə 05.09.2018-ci il tarixində saat 15:00-da başlanılmışdır və mənzillərin seçimi uğurla başa çatdırılmışdır.
Bu barədə FED.az-a Mənzil İnşaatı Dövlət Agentliyindən bildirilib. Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq satışa çıxarılan 324 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilmişdir.
Bu saata olan məlumata görə satışa çıxarılmış 324 mənzilin hamısı artıq seçilmişdir. Seçilmiş mənzillərin 70%-dən çox hissəsi artıq vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilmişdir.
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inzibati binasında yaradılmış operativ qərargahda mənzillərin seçimi prosesi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "Elektron Hökumətin İnkişafı Mərkəzi" və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilirdi.
***
Sosial evlərin satışı baş tutub. Güzəştli mənzil sisteminin istifadəçiləri FED.az-a bildirib ki, saat 15-də başlayan növbəti satış sessiyası zamanı bütün evlər istifadəçilər tərəfindən seçilib. «Sistem yenə də donaraq işləyirdi, bir neçə dəfə daxil olduqdan sonra məlum oldu ki, mənzillərin heç biri aktiv (satış üçün) deyil, yəni bütün mənzillər seçilib».
Satışın baş tutduğunu MİDA da təsdiqləyib. Buraya məlumat almaq üçün müraciət edən stifadəçilərə bildirilib ki, mənzillər artıq seçilib və bu dəfə mənzil ala bilməyənlər növbəti satışları gözləməlidir.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, istifadəçilərin əksəriyyəti mənzillərin seçimi və satışı sisteminin işindən olduqca narazı qalıb. Əksər istifadəçilər saat 11-də olduğu kimi, saat 15-də də sistemin işləmədiyini və sistemə daxil ola bilmədiklərini bildirirlər.
İstifadəçilər öz narazılıqlarını MİDA-nın sosial şəbəkələrdəki səfihəsində bildiriblər. Eləcə də narazı qalan bəzi istifadəçilər MİDA-nın baş ofisinə üz tutublar.