Azərbaycanda sökülən evlərin əvəzində verilən mənzillərlə bağlı daha bir məsələyə aydınlıq gətirilib.
FED.az xəbər verir ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olubsa, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsi sadələşdirilmiş vergidən azad edilib.
Dövlət Vergi Xidməti bildirir ki, bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir.
Məsələn, vətəndaşın 100 kvadratmetr sahəsi olan evi sökülübsə, və ona sökülmüş evə görə sahəsi 125 kvadratmetr olan mənzil verilirsə, mənzilin 120 kvadratmetr sahəsi vergidən azad olunur, qalan 5 kavdratmetr sahə isə ümumi qaydada sadələşdirilmiş vergiyə cəlb edilir.