“Bakı Dövlət Sirki üçün tikiləcək yeni binanın yeri müəyyənləşib”.
FED.az xəbər verir ki, bunu Bakı Dövlət Sirkinin mətbuat katibi Mahir Rəsuloğlu bildirib.
Eləcə də bax: Kənd Təsərrüfatı Nazirliyinə yeni bina tikiləcək - MÜQAVİLƏ
M.Rəsuloğlu qeyd edib ki, bir müddət əvvəl Mədəniyyət naziri Əbülfəs Qarayevin də bildirdiyi kimi, binanın yerinin dəyişdirilməsinin vaxtı çatıb:
“Bəzi mədəniyyət müəssisələrinin əsaslı təmir olunmasına baxmayaraq, Bakı Dövlət Sirkinin təmiri fiziki baxımdan çox çətindir. Sirkin hazırkı binası müasir standartara cavab vermir və bu, dövlətin də diqqətindədir. Məsələ nəzarətə götürülüb və artıq müəyyən işlərə başlanılıb. Binada əsaslı təmir aparmaq da çox çətindir. Çünki bütün infrastruktur yenilənməlidir. Bu baxımdan yeni, müasir və Bakının modernliyilə uyğunlaşan binanın tikilməsi zərurəti yaranıb. Bu istiqamətdə də dövlət səviyyəsində işlər gedir”.
M.Rəsuloğlu qeyd edib ki, sirkin yeni binasının hazır olması mümkün qədər tez şəkildə həyata keçiriləcək:
“Bu stasionar sirk olduğundan böyük kompleks sayılır və onun tikintisi üçün müəyyən müddət lazım olacaq. Burada sadəcə zal, manej deyil, əlavə strukturlar da qurulacaq. Müasir sirkin tikintisi üçün müəyyən tələblər var. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə bir neçə layihə hazırlanıb. Layihəyə əsasən, kompleksdə qastrola gələn artistlərin qalması, heyvanların saxlanması üçün xüsusi yerlər olacaq. Ümid edirik ki, hər şeyin ən yaxşısını ərsəyə gətirə biləcəyik”.
Qurum rəsmisi qeyd edib ki, hazırda sirkə məxsus heyvanlar yoxdur:
“Ümumiyyətlə hazırkı sirkin binasının yerləşdiyi yer də tamaşaçılar üçün əlverişli deyil. Sirkin yeni binasında uşaqların əylənməsi, tamaşaya gələnlərin gözləməsi üçün əlverişli şəraitin yaradılması nəzərdə tutulub”.
M.Rəsuloğlunun sözlərinə görə, sirkin yeni binası Bakının mərkəzində tikiləcək:
“Bakı Dövlət Sirkinin binası 1967-ci ildə istifadəyə verilən zaman öz dövrü üçün çox unikal sayılıb. Hətta Böyük Moskva Dövlət Sirkinin binası bu layihə əsasında ərsəyə gəlib. O vaxt buz, su manejləri vardı, hansı ki, xüsusi avadanlıqlar vasitəsilə yığılırdı. Onlar sovet dövründə dağılıb. Hazırda yalnız kauçuk manej qalıb. Buna baxmayaraq, noyabrın 2-dən etibarən yeni proqram- “Water land” adlı eksklüziv lazer və fəvvarələr şousunu tamaşaçılara təqdim edəcəyik. Şəraitimiz yaxşı olmasa da, çalışırıq ki, təqdim etdiyimiz proqramlar müasir olsun. Tamaşa zamanı 170 tonluq su hovuzu qurulacaq. Bütün tamaşaçılarımızı noyabrın 2-dən 24-dək Bakı Dövlət Sirkinə dəvət edirik. Biz işləyirik, gələn qonaqlarımızı da yüksək səviyyədə qarşılayıb, onların rahatlığını təmin etmək üçün hər cür şərait yaradırıq”.
Modern