Bakıda tikinti işləri aparılarkən ərazi üzrə olan standart bal qiyməti tətbiq edilməməlidir, hər bir bina üçün ayrıca olaraq, seysmik bal müəyyənləşdirilməlidir.
FED.az xəbər verir ki, bunu AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli "2020-ci il Elazıq və Malatya zəlzələləri: tektonik və geodinamik analiz" mövzusunda keçirilən tədbirdə deyib.
Eləcə də bax: Azərbaycanın daha bir şəhərində - UCUZ EVLƏRİN TİKİNTİSİ BAŞLAYIR - ELAN VERİLDİ
Q.Yetirmişli əlavə edib ki, bəzən eyni ərazidə binalar eyni layihə ilə tikilsə də, zəlzələ zamanı onlar müxtəlif dərəcəli dağıntılara məruz qalırlar:
"Mən indiyədək tikinti şirkətlərinə, məsul şəxslərə başa sala bilmirəm ki, Abşeron yarımadasında, Bakı şəhərində vəziyyət necədir. Ərazilərdə mühəndis-kommunikasiya işləri aparılarkən 10-15 metr ara məsafəsi ilə qazılan quyularda göstəricilər - layların qatma bucaqları, qrunt sularının səviyyəsi, məsamələr fərqli olur. Təcrübə onu göstərir ki, bu cür mürəkkəb geoloji quruluşu olan ərazilərdə tikinti işlərindən əvvəl hər bir bina üçün binaaltı ərazinin seysmik ballıq qiyməti dəqiqləşdirilməlidir. Standart qiymət tətbiq edilməməlidir”.
Q.Yetirmişli deyib ki, standart qiymətlər tətbiq edildikdə zəlzələ zamanı hansısa bina dağılır. Türkiyədə baş verən sonuncu zəlzələ zamanı da belə halın baş verdiyini söyləyən Q.Yetirmişli əlavə edib ki, ərazidə eyni layihə əsasında tikilən bir necə bina olsa da, onlardan yalnız biri tamamilə dağılıb:
“Bakıda da elə bina var ki, onun iki qanadı 8, digər 1 qanadı 9 ballıq ərazidədir. Türkiyədəki kimi güclü zəlzələ olarsa, 9 ballıq zəlzələ olan ərazidə tikilən həmin bina tam dağılacaq. Məlumdur ki, zəlzələ heç zaman sakit dayanmır, illər, əsrlər keçsə də, o, özünü göstərməlidir. 1902-ci ildə Şamaxıda güclü zəlzələ baş verib. Bu hadisənin üstündən 120 il keçir. Bakıda da 2000-ci ildə güclü zəlzələ baş verib. Yəni zəlzələ təhlükəsi həmişə ola bilər. Buna görə də binalar zəlzələyə davamlı tikilməlidir ki, risk, dağıntılar, tələfat minimuma ensin”.
Trend