Daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi üçün sığorta sisteminin tətbiq olunması geniş yayılıb. Bəs sənədsiz evlərin sığortalanması hüquqi paraktikada mümkündürmü?
Eləcə də bax: İpoteka ilə alınmış mənzil sökülərsə, kredit ödənişləri necə olur? - AÇIQLAMA
FED.az xəbər verir ki, bununla bağlı hüquqşünas Arif Nəzərov bildirib ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 19-cu maddəsinə əsasən yaşayış sahələrinin itirilməsi (dağılması) və ya zədələnməsi ilə əlaqədar zərərin ödənilməsinə zəmanət vermək məqsədilə yaşayış sahələri qanunvericiliyə uyğun olaraq sığorta oluna bilər.
O bildirib ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə uyğun olaraq, icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan dedikdə fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə sözügedən Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir.
Həmçinin, Qanunun 35-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq, özbaşına tikinti sayılan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə uyğun olaraq, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
Beləliklə, şəxsin daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alındığı təqdirdə sığortalanmanın tətbiq edilməsi mümkündür. (Trend)