Azərbaycanda sənədsiz ev probleminin həlli istiqamətində daha bir addım atılıb.
SSRİ dövründə Azərbaycanda tikilən evlər yeni qaydada sənədləşdiriləcək
FED.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərmanlara dəyişiklik edib.
Sənədə əsasən, Azərbaycan Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə səlahiyyətli orqanların yaşayış və bağ evi tikintisi üçün ayırdığı torpaq sahələrinin qeydiyyatına dair tələblərə dəyişiklik edilib.
Bununla da həmin əmlaklar sənədləşdirilərkən şəhər və rayon xalq deputatları soveti icraiyyə komitələrinin verdiyi torpaqdan istifadə hüququna dair dövlət aktı tələb edilməyəcək.
Eyni zamanda qeydiyyat zamanı sovxoz və yaxud dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış da nəzərə alınacaq.
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, fərmanda edilən dəyişiklik yaxın zamanda bu kateqoriyaya aid torpaq sahələrinin özəlləşdirilməsinə şərait yarada bilər:
“Bu da ölkədə çıxarışsız fərdi yaşayış evləri və torpaq sahələrinin əhəmiyyətli hissəsini əhatə edir”.
Qeyd edək ki, dəyişikliklərdən biri də mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarların tələb olunmasıdır.
Digər bir sənəd torpaq sahəsinin ölçüsü göstərildiyi halda fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihəsidir. Layihə olmadığı və ya torpağın ölçüsü göstərilmədiyi hallarda isə yaşayış evi, həmçinin onun altında olan torpaq sahəsi əsas götürüləcək.