Sementin qiymətinin qalxdığı bildirilir.
Tikinti sektorundan adının açıqlanmasını istəməyən mənbə bildirib ki, inşaatın əsas materiallarından biri olan sementin qiyməti yüksəlib.
Mənbənin sözlərinə görə, sement bahalaşdığı üçün bir sıra tikinti şirkətləri mənzillərin kvadrat metrinin qiymətini təxminən 30-50 manat qaldırmağı müzakirə edirlər.
Bakıda pilot layihələr üzrə aparılan tikinti işlərinin sürətlənməsi sementə təlabatı artırıb. Paytaxt rayonlarında köhnə binalar sökülərək yerində daha iri yaşayış kompleksləri tikilir.
Azərbaycanın sement istehsalçılarından birindəki mənbəsi bildirdi ki, sementin bahalaşdığı barədə deyilənlər doğrudur. Yerli təchizatçıların qiymətləri qaldırması və işçilərin maaşlarının artırılmasını tələb etmələri qiymət artımını qaçılmaz edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-noyabr aylarında 2 milyon 658,9 min ton sement istehsal olunub. Bu, 2016-cı ilin 11 ayı ilə müqayisədə təxminən 25% çoxdur.