İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən istismarına icazə verilən obyektlərə çıxarışların təqdim olunması davam edir. Artıq ölkə üzrə 1245 bu cür qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.
Bu günədək 400-ə yaxın qeyri-yaşayış obyekti dövlət qeydiyyatına alınıb
FED.az xəbər verir ki, Azərbaycan Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2023-cü il 14 iyun tarixli Fərmanına uyğun olaraq, istismarına icazə verilən obyektlərə çıxarışın verilməsi davam edir. Çıxarışla təmin edilmiş obyektlər paytaxt Bakı ilə yanaşı, ölkənin regionlarını da əhatə edir.
Fərmanın icrası çərçivəsində oktyabrın 23-də Şəki rayonunda da bu kateqoriyadan olan obyektlərin çıxarışları sahibkarlara təqdim olunub.
Qeyd edək ki, bu ilin 15 oktyabr tarixinədək 10.072 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərək aidiyyəti qurumlara və qeyri-yaşayış binasının sifarişçilərinə (sahiblərinə) təqdim olunub, 1245 qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb, hüquq sahibləri elektron çıxarışla təmin edilib.
Qeyri-yaşayış binalarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına geniş imkanlar yaradır. Belə ki, sahibkarlar mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış əmlakını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə edə bilərlər. Sahibkarlıq subyektlərinin əmlakına mülkiyyət hüququnun tanınması yeni iş yerlərinin açılmasına, sosial ödənişlərin həcminin artmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə əhəmiyyətli töhfə verir. Fərmanın icrası qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi baxımından da xüsusi önəm kəsb edir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı tikinti-quraşdırma işləri 2023-cü il iyunun 1-dək başa çatmış qeyri-yaşayış təyinatlı binaları əhatə edir. Bu cür obyekt sahibləri 2025-ci il yanvarın 1-dək istismarına icazə verilməsi üçün qeyri-yaşayış binasının layihəsi ilə Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərinə müraciət edə bilərlər.