Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu il 3 min, yaxın 5 ildə 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin ediləcək.
Eləcə də bax: Şəhid ailələri və qazilərin mənzillə təminatı - 5 Dəfəyə Yaxın Genişlənəcək
FED.az xəbər verir ki, bu fikir Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzilin təqdim olunması tədbirində səsləndirilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri yanaşı şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, “Qarabağ Qaziləri” İctimai Birliyinin üzvü Rey Kərimoğlu və başqaları iştirak ediblər.
Qeyd olunub ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə qayğısı olaraq şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramı ildən-ilə genişlənir. Nazirlik tərəfindən həmin vətəndaşlara 2018-ci ildə 626 ədəd, 2019-cu ildə 934 ədəd, 2020-ci ildə 1572 ədəd mənzil və fərdi ev verilib. 2021-ci ildə isə 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulur ki, bu da mənzil və fərdi evlə təminat proqramının 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişləndiyini göstərir.
Tədbirdə S.Həşimova deyib ki, tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr vurulub, şəhidlərimizin qisası alınıb, qanları yerdə qalmayıb. Onların yazdığı böyük tarix heç vaxt unudulmayacaq. Şəhid anası şəhidlərimizin ailələrinin və müharibə əlillərinin hərtərəfli qayğı ilə əhatə olunması üçün dövlətimizin davamlı işlər apardığını bildirib, yeni mənzillə təmin olunanlara bu mənzillərdə firavan həyat arzulayıb.
R.Kərimoğlu qazilərimizə, şəhid ailələrinə hər zaman dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayıb. Onlara göstərilən geniş miqyaslı dəstək tədbirlərindən bəhs edib. Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin və müharibə iştirakçılarının sosial təminatı, onların rifahının yaxşılaşdırılması sahəsində aparılan işləri qeyd edib.
Şəhid ailələri və müharibə əlilləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər yürüşündən qürur hissi keçirdiklərini vurğulayıblar. Onların sosial təminatlarının gücləndirilməsi üçün aparılan işlərdən razılıqlarını bildiriblər. Göstərilən diqqət və qayğıya, bu gün yeni, mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Mənzillərdən 18-i Qarabağ müharibəsi əlillərinə, 12-i şəhid ailələrinə təqdim edilib.