Azərbaycanın tanınmış developer şirkətlərindən olan “See Breeze”lə əlaqəli «Sky Breeze» şirkəti Azərbaycanın bölgələrinin birində bahalı qiyməti ilə seçilən yeni layihəyə başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, «Sky Breeze Şahdağ» layihəsi Azərbaycan və ərəb investorları tərəfindən həyata keçirilir və imkanlı təbəqə üçün nəzərdə tutulub.
Evlərin tikintisi üün Qusar rayonun Şahdağ ərazisində «Sky Breeze» şirkətinə 20 hektar torpaq sahəsi ayrılıb. Bu ərazi dəniz səviyyəsindən təxminən 1700 metr yüksəklikdədir.
Layihəyə əsasən burada 17 ədəd beşmərtəbəli bina və fərdi kotteclər inşa edilməklə ümumilikldə 734 mənzil satılacaq. Mənzillər 1-2-3-4-5 otaqlı olacaq. Mənzillərin sahələri 54 m²-dən başlayaraq 96 m²-ə qədər dəyişir.
Diqqəti çəkən cəhət mənzillərin qiymətidir. Şirkətdən bildirilib ki, burada mənzillərin 1 kvadratmetrinin satış qiyməti 3 800 dollar və ya 6 460 manatdan başlayır. Ən kiçik mənzilin qiyməti 205 min dollar və ya 350 min manatdır.
Bundan başqa, ərazidə ayrıca villalar da olacaq ki, onların da qiyməti 1,2 milyon manatdan başlayacaq. Kompleksdə kommunal xidmət haqları da açıqlanıb - 1 m² üçün aylıq 1,5 dollar və ya 2,55 manat.














