Sahibkarların tikinti obyektlərinə elektrik enerjisi verilməsinin prosedurları sadələşdirilib.
FED.az xəbər verir ki, Prezident İlham Əliyevin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmanına uyğun olaraq, bundan sonra sahibkarlar Mingəçevir, Sabirabad, Bərdə, Qəbələ, Masallı rayonlarında da “ASAN” xidmət mərkəzlərində mövcud və ya inşa ediləcək tikinti obyektlərinə 150 kilovata qədər, mövcud 0,4 kV-luq şəbəkədən elektrik enerjisi çəkdirə biləcəklər.
Qeyd edək ki, indiyə qədər sahibkarların elektrik şəbəkəsinə qoşulması Bakı, Sumqayıt, Gəncə və Quba rayonlarındakı “ASAN” kommunal mərkəzləri tərəfindən həyata keçirilirdi. Bu mövzuda jurnalistlərə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Araşdırmalar və İnkişaf departamentinin rəhbəri Ramil Hüseyn, “Azərişıq” ASC-nin Perspektiv inkişaf və “ASAN” xidmətlə iş idarəsinin rəisi Elsevər Rüstəmli ətraflı məlumat verib. Bildirilib ki, texniki şərtlər, indi yerləşdiyi rayondan asılı olmayaraq, “Azərişıq” ASC tərəfindən “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzləri vasitəsilə maksimum 24 gün müddətində veriləcək.
Bu sahədə daha bir yenilik isə vahid pəncərə sistemi üzrə prosedurların 7-dən 3-ə endirilməsi, əməliyyatların elektronlaşdırılması və məmur-vətəndaş kontaktının minimuma endirilməsidır.