Rusiyanın Ukraynaya qarşı başlatdığı və hələ də aktiv döyüşlər fazasında olan müharibə Ukraynada istehsal və logistikanın iflic vəziyyətə düşməsinə səbəb olub, bu da hər iki dövlətlə sıx ticari əlaqələri olan Azərbaycana təsirsiz ötüşmür. Yaranmış vəziyyət xüsusilə taxta-şalban materiallarının ölkəmizə idxalını çətinləşdirib. Çünki Azərbaycan hər iki ölkədən böyük miqdarda taxta-şalban materialları alır.
Eləcə də bax: Rusiya-Ukrayna müharibəsinin Azərbaycan tikinti bazarına təsiri - AÇIQLANDI
Belə ki, ötən il Rusiyadan ölkəmizə 883 762 kubmetr iynəyarpaqlı ağaclardan uzununa doğranmış meşə materialları gətirilir ki, bu da ümumi idxalın 97,5 %-ini təşkil edir. 4 191 ton taxta-şalban materialının isə ümumi idxalda payı 54,9 %-dir. Bundan başqa, 10 719 ton ağac qapılar, çərçivələr, astanalar da məhz bu ölkədən gətilir və bu da ümumi idxalın 75,8 %-ini təşkil edir.
Ukraynadan isə 2021-ci ildə 1 926 ton taxta-şalban materialı gətilriib və bu ümumi idxalın 25,3 %-ini təşkil edir. Gətirilən ağac qapılar, çərçivələr isə 2 728 tondur və ümumi idxalın 19,3 %-i deməkdir.
FED.az xəbər verir ki, logistika üzrə ekspert Ruslan İmamquliyev bildirib ki, yaranan sıxıntılar təkcə Azərbaycanı deyil, ümumilikdə Avrasiya materikini əhatə edir.
“Problem həm təhlükəsizliklə bağlı məsələlərdədir, həm də risklərlə əlaqədar logistika qiymətlərinin yüksəlməsi məhsulun maya dəyərinin qalxmasına təsir edir. Bu da o deməkdir ki, tezliklə qıtlıq yarana və qiymət artımı müşahidə oluna bilər.
Bildiyiniz kimi, bu yaxınlarda İranla Zəngəzur dəhlizinə alternativ yolun təmin olunması ilə bağlı bir anlaşma imzalandı. Avropaya açılacaq dəmiryolu xətti ilə gələcəkdə hətta Ukraynadan belə idxal-ixrac prosesi aparıla bilər. Amma Rusiya ilə bu məsələlər sırf həmin ölkənin özündən asılıdır. Təbii ki, iki ölkə arasında həm avtomobil, həm də dəmiryolu daşınmaları mövcuddur. Sadəcə, hazırkı vəziyyət sıxıntılara səbəb olub”, - ekspert bildirib.
Paytaxtda taxta-şalban materiallarının satışı ilə məşğul olan mağazanın əməkdaşı Fidan Hüseynova bildirib ki, artıq əksər bu profildən olan satış müəssisələrində qiymət artımı var. Belə ki, əvvəl taxtanın bir kubmetri 200 ABŞ dollara idisə, artıq 230-250 ABŞ dollarına satışa çıxarılır. O qeyd edib ki, çalışdığı mağazada artıq alış dayandırılıb, yalnız anbarda olan məhsulların satışı gedir. (Report)