Bakıda inşa edilən məşhur yaşayış komplekslərindən biri – «Renessans Palace» ən bahalı mənzillərini açıqlayıb. Şirkətdən FED.az-a bildirilib ki, binanın ən hündür mərtəbələri olan 17 və 18-ci mərtəbələr bir-birilə əlaqələndirilib. Başqa sözlə bu məntərbələrdəki mənzillər iki mərtəbəlidir. Mənzillərin içərisindəki pilləkənlərdə mərtəbədən mərtəbəyə qalxıb enmək mümkündür.
Bunların arasında ən böyükləri və bahalıları 8 mənzildir, onların sahəsi 462-468 kvadratmetr arasındadır.
Belə mənzillərdə tavanın hündürlüyü 4.2 metr, pəncərələri vitraj - yerdən tavanadək pəncərədir.
Blokda bu mərtəbədə cəmi 2 mənzil yerləşir. Mənzillərin pəncərəsi həm həyətə, həm küçəyə baxır. Şərq və Qərb istiqamətinə açılan pəncərələrlə həm Günəşin doğmasını, həm də batmasını seyr etmək olur. Bunlar binada ən çox günəş görən mənzilləridir.
Həmin mənzillərin 4-nün dəniz mənzərəsi var.
«Renessans Palace»ın digər mənzilləri kimi bu mənzillərin də sərbəst planlama imkanı var. Yəni otaqları istənilən ölçüdə formada və sayda bölmək mümkündür.
«Renessans Palace»da mənzillərin 1 kvadratmetrinin qiymətinin 2500 manat olduğunu nəzərə alanda belə mənzillərin qiyməti 1,16 -1,17 milyon manat arasında dəyişir.
Bununla yanaşı, maraqlıdır ki, şirkət belə böyük məbləğ (1,1-1,2 milyon manat arasında) ödəyib iri mənzillər alan müştərilərə avtomobil yerini hədiyyə eləmir. Kompleksdə avtomobil dayanacağının qiyməti 27-30 min manat arasındadır ki, bu da qiymətləri nəzərə alanda cəmi 11-12 kvadratmetrin qiymətinə bərabərdir.