Son günlər elan saytlarında satışan çıxarılan bəzi fərdi evlərin zəlzələyə davamlı olması ilə bağlı xüsusi qeydlər yer alır.
Türkiyədəki zəlzələdən sonra Azərbaycanda həyət evlərinə - TƏLƏBAT ARTACAQMI?
FED.az xəbər verir ki, elanların birində “6 sotda zəlzələyə davamlı 8 otaqlı ev satılır” yazılır.
Başqa bir elanda isə 9 mikrorayonda yerləşən evin zəlzələyə davamlı olması vurğulanır.
Rieltorlar da son günlər bu tipli elanların çoxaldığını təsdiqləyirlər. Onların sözlərinə görə, məqsəd hazırkı vəziyyətdə insanların psixoloji durumundan istifadə edərək evin daha tez satılmasına nail olmaqdır.
Elanların birində göstərilən nömrə ilə əlaqə saxlayıb, zəlzələyə davamlı olmasının necə müəyyən edildiyini soruşuruq. Vasitəçi olduğunu bildirən şəxs sualımıza konkret cavab verə bilmədi.
Məsələni şərh edən əmlak ekspeti Ramil Osmanlı bildirib ki, bina evlərinin zəlzələyə davamlılığı ilə bağlı müvafiq qurumlar tərəfindən rəy verilir. Amma bunu fərdi evlərə şamil etmək olmaz.
Ekspert vurğulayıb ki, bu tipli elanlar psixoloji olaraq mənzil və torpaq bazarında süni qiymət artımına gətirib çıxara bilər.(Xezerxeber.az)