Bakıda kirayə mənzil bazarının 10-15 %-ni əcnəbi vətəndaşlar təşkil edir.
Bağ evlərinin kirayə qiymətləri əl yandırır
FED.az xəbər verir ki, bunu açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.
O qeyd edib ki, Bakıda kirayə mənzillərdən istifadə edən əcnəbi vətəndaşları bir neçə qrupa bölmək olar.
Onun sözlərinə görə, Gürcüstandan və Rusiyadan olan soydaşlarımızın bir çoxu Bakıda işlədiyi üçün kirayə ev tutmağa üstünlük verirlər:
“Ölkəmizdə uzun müddət qalan əcnəbilər daha çox sərfəli olduğu üçün evi kirayə götürməyə üstünlük verirlər. Qeyd edim ki, Bakıda olan turistlərin çoxu Gürcüstan və Rusiya vətəndaşı olmasına baxmayaraq əksəriyyəti soydaşlarımızdır. Ukrayna-Rusiya müharibəsi səbəbindən onlar ölkəmizə üz tutublar və geri qayıtmayıblar”.
R.Qasımzadə bildirib ki, digər ölkələrdən - ərəb ölkələri, Hindistan, Pakistandan Azərbaycana iş üçün gələn və 90 gündən artıq burada qalan vətəndaşlar da var:
“Onlar əsasən ucuz olan evləri kirayələməyə üstünlük verirlər. Əcnəbilər Bakıda daha çox qiyməti 1 000 manata qədər olan kirayə evləri axtarırlar. Daha yuxarı qiymətə kirayə qalanlar isə ölkəyə müvəqqəti istirahət üçün gələnlərdir. Ərazi baxımından ölkəmizdə uzun müddət qalan əcnəbilər daha çox Xətai, Nəsimi, Nizami rayonlarında ev kirayələyirlər. Qısa müddətə gələn əcnəbilər isə daha çox şəhərin mərkəzinə üz tuturlar. Hotellərdə yox mənzillərdə qalmaq istəyən turistlər, yəni qısa müddətə istirahətə gələnlər isə gündəlik 30-60 manatdan başlayan evlərdə qalmağa üstünlük verirlər. Qeyd edim ki, Azərbaycanda daha çox qalmaq istəyən əcnəbilər "Miqrasiya haqqında" Qanuna əsasən, ölkə ərazisində azı 200 min manat dəyərində daşınmaz əmlaka və ya Azərbaycanda fəaliyyət göstərən banklarda müddətli əmanət müqaviləsi əsasında azı 200 min manat məbləğində pul vəsaitinə sahib olmalıdırlar. Bu halda onlara Azərbaycanda daimi yaşamaq üçün icazə verilir”.
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, əcnəbi vətəndaşlar kirayə qaldıqları mənzillərə müvəqqəti qeydiyyata düşmək məcburiyyətindədirlər:
“Onlar Azərbaycana gələndə - iş vizası, təhsil və ya hər hansısa formada qalmaqları üçün onlardan qeydiyyat ünvanları tələb olunur. Bu səbəbdən onlar evləri uzun müddətə kirayələməyə və oraya müvəqqəti qeydiyyata düşməyə çalışırlar. Əcnəbi vətəndaşların kirayə müqavilələri notarial qaydada qeydiyyata alınır. Müqavilədə onlar kirayə üçün ödədikləri məbləği göstərərək həmin ünvana müvəqqəti qeydiyyata düşürlər. Qeyd edim ki, Türkiyə vətəndaşları daha çox Nəriman Nərimanov, Elmlər Akademiyası metrostansiyalarına yaxın ərazilərdə, Avropa ölkələrindən gələnlər isə daha çox şəhərin mərkəzində kirayə qalırlar. Asiya vətəndaşları isə ən ucuz həyət evlərində qalmağa üstünlük verirlər”.
“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov açıqlamasında qeyd edib ki, əcnəbilərin Azərbaycana axını “Əsrin müqaviləsi” imzalandıqdan sonra başlayıb.
O qeyd edib ki, o dövrlərdə bazarda əcnəbilərin tələblərinə cavab verən mənzillər mövcud deyildi:
“Bir çox xarici şirkətlər yerli bazardan mənzilləri götürərək təmir edir və öz işçilərini yerləşdirirdilər. Daha sonra xaricdə iş təcrübəsi olan vətəndaşlarımız ölkədə müəyyən standartlara cavab verən mənzillər tikərək neft şirkətlərinə kirayə verməyə başladılar. Bazar inkişaf etdikcə artıq yerli əhali də mənzillərini təmir edərək neft şirkətlərində çalışan işçilərə kirayə verməyə çalışırdı. O zamanlar müəyyən standartlara cavab verən mənzillərin kirayə qiymətləri yerli əhalinin gəlirlərini qat-qat üstələyirdi. Tədricən neft şirkətlərində çalışan xarici vətəndaşların sayı azaldı. Təkliflər isə artmaqda davam etdiyi üçün kirayə qiymətləri stabilləşməyə başladı. Son 10 il ərzində, ölkədə artıq turizmin inkişafı başladıqdan sonra günlük kirayə verilən evlərin sayı artmağa başladı. Bu da əsasən şəhərin mərkəz hissəsini əhatə edir".
E. Azadovun sözlərinə görə, kirayə mənzillər yerləşdiyi yerdən, otaq sayından və şəraitindən asılı olaraq günü 50 manatdan 300 manatadək dəyişir: "Əsas seqment 50-150 manat aralığındadır. Bu tip kirayə evlərdən daha çox ölkəmizə səfər edən böyük tərkibli ailələr istifadə edir. Çünki, adam sayı çox olduğu üçün hotellərdə qalmaq nisbətən baha başa gəlir. Hazırda bazarda olan günlük kirayə mənzillərinin 70 %-də xarici vətəndaşlar qalır".
O hesab edir ki, Bakıda ümumilikdə mənzil fondunun 17-18 %-i kirayə verilir: "Bunun təxminən 1/3 hissəsində tələbələr yerləşir. Ümumi kirayə götürülən yaşayış fondunun 2-3 %-ini isə əcnəbi vətəndaşlar təşkil edir. Buraya həm günlük kirayə, həm də, aylıq kirayə qalan xarici vətəndaşlar daxildir”.
E.Azadov vurğulayıb ki, kirayə mənzillərinə tələb həm də mövsümü xarakter daşıyır:
“Hər hansısa tədbirlər keçirildiyi zaman ölkəyə gələn xarici vətəndaşların sayı artdığı üçün tələb də artır. Ərəb ölkələrindən turistlər Azərbaycana daha çox yay aylarında, Novruz Bayramı və Yeni İl ərəfəsində gəlir. Hazırda şəhərdə günlük mənzillərin 80 %-i doludur, qalan 20 %-ə yaxın hissəsi isə müştəri axtarışındadır”. (Report)