Yasamal rayonunda rəsmi icazəsi olmadan vətəndaşın evini sökən “Melissa Group” tikinti şirkətinə daxil olan “FEBA” MTK-nın nümayəndəsi hadisə ilə bağlı açıqlama verib.
FED.az xəbər verir ki, MTK-nın nümayəndəsi Arzuman Murtuzayev “Xəzər TV”yə söküntü aparılması tapşırığının şirkət tərəfindən verilmədiyini bildirib.
Onun sözlərinə görə, işçilər səhvən evi söküblər:
“Müqavilə bağladığımız işçi səhvən edib, bilməyib ki, orada kimsə yaşayır. Səhvən olub. Həmin sahədə 55 ev olub, 54-ü razılıqla köçürülüb. Hacıyev Həbibə də bazar qiymətlərindən qat-qat baha- 651 min manat pul təklif etmişik. O isə 2 milyon civarında istəyir”.
Qeyd edək ki, son illər şəhərdəki söküntü yerlərində inşaat işləri aparan tikinti şirkətləri bəzi hallarda ictimai rəyi öz xeyirlərinə dəyişmək üçün tamamilə həqiqətə uyğun olmayan məlumatlar yayır, guya sakinlərin onlardan fantastik məbləğlər tələb etdiyini bildirirlər.
Bugünkü hadisədə də «Melissa Qrup»un evini sökdüyü sakin bildirir ki, şirkət ona iri pullar təklif etməyib, heç özü də bu prosesdən sui-istifadə etmək niyyətində deyil. Amma şirkət məlumat yayır ki, guya ona 1,5 milyon manat təklif edilib.