Xırdalan şəhərində torpaq sahəsini tikinti şirkətinə verən sakin bunun qarşılığında əldə etməli olduğu 5 mənzili təhvil ala bilmir.
Bu iddia ilə "Xəzər Xəbər"ə müraciət edən vətəndaş Cahangir Xalıqov deyir ki, sözügedən müqavilə 18 il öncə bağlanıb.
Xezerxeber.az-ın məlumatına görə, 34 sot torpaq sahəsini çoxmərtəbəli bina tikilməsi məqsədilə "Hasil" MMC-yə müqavilə əsasında verdiyini bildirən Cahangir Xalıqov qeyd edib ki, razılaşmaya əsasən ona həmin torpaq sahəsinin qarşılığında 5 mənzil və 1 qeyri-yaşayış sahəsi verilməli imiş.
Cahangir Xalıqov iddia edir ki, tikinti işləri başlayandan bir müddət sonra binanı tikən şəxsin dələduzluq əməlləri üzə çıxıb və o həbs edilib. Şikayətçi deyir ki, baş verənlərdən sonra prokurorluq vətəndaşların evlə təmin edilməsini tikinti sahəsində məşhur iş adamı İsfəndiyar Axundova həvalə edib.
Şikayətçi əlavə edir ki, 2024-cü ildə Abşeron Rayon Məhkəməsi onun xeyrinə qərar çıxarıb və müqavilə şərtlərinin icra olunmasını tələb edib. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. Vətəndaş iddia edir ki, buna baxmayaraq, bu günə qədər məhkəmə qərarları icra olunmayıb.
İttihamlarla bağlı "Şərur" MTK ilə əlaqə saxladıq. MTK-nın rəhbəri İsfəndiyar Axundov “Xəzər Xəbər”ə açıqlamasında "Hasil" MMC ilə hər hansı bağlılığının olmadığını dedi. O da bildirildi ki, onlar yalnız hüquq-mühafizə orqanlarının təqdim etdiyi siyahı əsasında zərərçəkmiş şəxslərin yaşayış sahələri ilə təmin olunmasını üzərinə götürüb. Eyni zamanda qeyd olunub ki, təqdim edilən siyahıya yalnız yaşayış sahələri daxildir və qeyri-yaşayış obyektləri bu siyahıya daxil edilməyib.
İsfəndiyar Axundov qeyd edib ki, adıçəkilən şəxsə qeyri-yaşayış sahəsinin siyahıda yer almadığı barədə dəfələrlə məlumat verilib.













