“Təəssüf ki, 10 milyon əhalisi olan ölkə üçün 34 milyard manat gəlirləri olan büdcə olduqca kiçikdir. Bu büdcənin də çox hissəsi Dövlət Neft Fondundan transfertdir. Dövlət Neft Fondundan transfertlər çıxılarsa, 2024-cü ilin büdcəsi 2022-ci illə müqayisədə azdır. İqtisadiyyatımızın neft gəlirlərindən asılılığına son qoyulması üçün ciddi islahatları həyata keçirməliyik. Sanki durğunluq dövrünə qədəm qoymuşuq”.
Əmlak bazarına təsir edən qərar: Çıxarışı olan evlər bahalaşacaq - VİDEO
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat qeyd edib ki, azad edilmiş ərazilərdə tenderlər keçirilmədən milyardlarla manatlıq satınalmalar həyata keçirilir: “Dövlət müəssisələri, xəstəxanalar özəlləşdirilməlidir. Qanunların aliliyi təmin edilməsə, İqtisadiyyat Nazirliyinin səyləri nəticə verməyəcək. Sabit Vergi Məcəlləsi olmalıdır. Hər bir nazirlik özü üçü xidmət haqqı müəyyən edə bilməz. Vergiləri tez-tez dəyişməklə güclü iqtisadiyyat yaratmaq olmaz. Biz tezliklə Ümumdünya Ticarət Təşkilatına qoşulmalıyıq”.
Qüdrət Həsənquliyev bildirib ki, büdcəyə əlavə vəsait cəlb edə biləcəyimiz sahələrdən biri tikinti sektorudur: “Bakıda 1000-ə qədər qəzalı bina olduğu bildirilir. Amma sahibkarlar bina tikmək üçün yer tapmır, xaricə üz tuturlar. Kimlərsə bu yerləri alıb, amma tikmirlər. Nə qədər insan mənzil şəraitini yaxşılaşdırmaq, yaxud övladına, nəvəsinə yeni mənzil almaq istəyir”.
Deputatın sözlərinə görə, qəzalı binaların söküntüsü məsələsi gündəmdə olsa da, təqdim olunan sənədlərdə təhriflərə yol verilir: “Tarixi tikililər olan ərazidə, qəzalı bina olmayan yerdə yeniləri tikilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi rəy Bakı Şəhər İcra Hakimiyyətinin rəyindən fərqlidir. Tikintiyə icazə vermək səlahiyyəti seçkili orqan olan bələdiyyələrə verilməlidir. Bu, bütün dünyada belədir”. (Apa)