Bakıda bina tikintisi ilə məşğul olan "Sahil-S İnşaat" şirkəti ilə bağlı şikayət daxil olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, Sevil Əliyeva bildirib ki, Yeni Günəşli qəsəbəsində 54 min 925 manat ödəyərək 84 kvadratlıq mənzil alıblar.
Onun sözlərinə görə, alqı-satqıdan 1 il 2 ay keçməsinə baxmayaraq, bina hələ də təhvil verilmir: “Hazırda binada heç bir inşa işləri aparılmır. Mən şəhid övladıyam, bu illər ərzində qəpik-qəpik yığmışam, bir evim olsun istəmişəm, ancaq “Sahil-S İnşaat” arzumuzu gözümüzdə qoymaqdadır. Pulumuzu ödəmişik, müqavilə bağlamışıq, amma nə pul qaytarılır, nə mənzil verilir. Bu fırıldağın üstü açılmalıdır, bizi aldadan şəxslər barədə ölçü götürülməlidir. Ümumiyyətlə, bizim şirkətin rəhbərliyinə heç bir inamımız qalmayıb, bəlkə də dövlət məsələni nəzarətə götürsə, problem həllini tapa bilər".
Qeyd edək ki, S.Əliyeva I Qarabağ müharibəsində Füzuli istiqamətində şəhid olmuş Gülalı Əliyevin qızıdır. O, binada eyni mənzilin bir neçə adama satılması problemi olduğunu da bildirib: “Binada bir mənzilin 5-6 sahibi var. Düzdür, bizim mənzildə bu problem yoxdur. Amma qorxuram ki, hər an mənim də mənzilimi başqa adama sata bilərlər. Bilmək olmaz, birdən sabah başqa bir adam çıxıb deyər ki, sizin mənzilin yiyəsi mənəm. Satış ofisində hər gün onlarla vətəndaş yığışır, amma suallarımıza cavab verən yoxdur. Çünki orada bir səlahiyyətli şəxs yoxdur”.
Məsələ ilə bağlı “Sahil-S İnşaat” şirkətinin rəhbəri Taleh Allahverdiyevlə əlaqə saxlamaq mümkün olmadı. Onun qardaşı Şükür Allahverdiyev isə bildirdi ki, binada hələ işlər gedir və təhvil veriləcək: “Bina tikilib qurtarıb, gəlib baxa bilərsiz. Sadəcə həyətində abadlıq işləri və bir sıra texniki işlər qalıb ki, onlar da görülməkdədir. İyun ayına bina tam olaraq təhvil veriləcək. Biz sifarişçiyik, tikintini görən şirkət başqadır”.
Ş.Allahverdiyev binada bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı iddiaların isə araşdırıldığını bildirib: “Düzdür, belə hal yaşanıb. Bu da sifarişçi ilə icraçı şirkət arasındakı anlaşılmazlıqdan irəli gəlib. Həmin məsələ araşdırılır, nəticəsini gözləyirik”.