Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) bu gün keçirdiyi özəlləşdirmə hərracında rəqabətin böyük olması satılan əmlakları ikiqat bahalaşdırıb. Komitədən FED.az-a verilən məlumata görə, Paytaxtın Qaradağ rayonun Qobustan qəsəbəsində yerləşən 60 saylı mağazanın ilkin start qiyməti 23,5 min manat olsa da ən son təklif 48 min 750 manata qədər yüksəlib. Sahəsi 510 kv.m olan mağaza öz sahibi üçün gəlirli əmlak olmalıdır.
Hərracda daha aşağı qiymətə obyektlər də satılıb. Belə ki, Sumqayıt şəhərində yerləşən 20 kv.m-lik əmlak 6 min manata sahibini tapıb. Paytaxtın Nərimanov rayonunda yerləşən, sahəsi 60 kv.m-dən çox olan zirzəmi isə 7,5 min manatdan satılıb. İqtisadi aktivliyin müşahidə edildiyi Bakının Səbail rayonundakı qeyri-yaşayış sahəsi də ərazi mövqeyi baxımından münasib qiymətə özəlləşdirilib. Belə ki, ümumi faydalı sahəsi 65 kv.m-ə yaxın olan həmin əmlaka edilən təklif 12,5 min manat olub.
Qeyd edək ki, özəlləşdirilən dövlət əmlaklarını almaq üçün özəlləşdirmə hərraclarına qatılmaq lazımdır. Bunun üçün hərraca 3 bank günü qalana qədər komitənin saytında qeydiyatdan keçmək və obyektin satış qiymətinin 10%-i qədər beh ödəmək tələb olunur. Hərracda qalib gəlməyənlərin behi geri qaytarılır. Satışa çıxarılan obyektlər haqqında bütün məlumatlar isə privatization.az özəlləşdirmə portalında yerləşdirilib.
Qobustandakı mağaza 2 dəfə bahalaşıb – OBYEKTLƏR VƏ QİYMƏTLƏR
13:47
29 May 2018