Hesablama Palatası ötən il 575 milyon manatlıq maliyyə pozuntusu aşkar edib.
Bakıda 200-ə yaxın bina söküləcək - Ərazilər açıqlandı - VİDEO
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında qurumun illik hesabatını təqdim edərkən deyib. Onun sözlərinə görə, dövlət büdcəsinin xərcləri 38 auditlə araşdırılıb.
Sədr bildirib ki, Hesablama Palatası və onun Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində ümumilikdə 2 milyard 66 milyon manat məbləğində maliyyə təhrifləri və uyğunluq pozuntuları müəyyən edilib.
İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə deyib ki, hesabatda daha çox büdcə qanunvericiliyi və dövlət satınalmalarında qanunvericilik tələblərinin pozulması halları qeydə alınıb. Dövlət orqanlarında mənfəət vergisinin gizlədilməsi halları kifayət qədər çoxdur.
Millət vəkili Əli Məsimli isə söyləyib ki, hazırda qəzalı vəziyyətdə olan binaların və evlərin söküntüsü, onların yerinə yenilərinin tikintisi həyata keçirilir. Bu məqsədlə dövlət vəsaitindən də istifadə olunacaq. Odur ki, qənaətli istifadə üçün qabaqlayıcı tədbirlər görülməlidir. Bundan başqa, hazırda özəl şirkətlərin inşa etdiyi evlərin qiymətləri orta statistik Azərbaycan vətəndaşının alıcılıq qabiliyyətinə uyğun deyil. Bu, mənzil təminatına təsir edir deyə o, əlavə edib.