Qazaxıstanın 3 kurort zonasında yeni hava limanlarının tikintisinə başlanılıb.
FED.az xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyinin mətbuat xidməti bildirir.
"Dövlət başçısının tapşırığı ilə daxili turizmin və hava nəqliyyatı ilə sərnişin daşımalarının inkişafı üçün 2025-ci ildə ölkədə Zaysan, Katon-Karaqay və Kendirli kurort zonalarında üç yeni hava limanının tikintisinə başlanılıb. Bu layihələrin həyata keçirilməsi həmin regionların iqtisadi inkişafına təkan verəcək, həmçinin yerli və xarici turistlərin axınına səbəb olacaq", - məlumatda qeyd olunur.
Nazirliyin məlumatına görə, 2024-cü ildə hava nəqliyyatı infrastrukturunun modernləşdirilməsi çərçivəsində Almatı, Şımkent və Qızılorda şəhərlərindəki beynəlxalq hava limanlarında üç yeni sərnişin terminalı istifadəyə verilib. Almatı Beynəlxalq Hava Limanının yeni terminalının illik buraxılış qabiliyyəti 2,5 milyon sərnişindən 14 milyon sərnişinə, Şımkent hava limanının terminalının buraxılış qabiliyyəti 800 min sərnişindən 6 milyon sərnişinə, Qızılorda şəhərindəki "Korkıt Ata" hava limanının terminalının buraxılış qabiliyyəti isə 300 min sərnişindən 2 milyon sərnişinə qədər artırılıb.
Bundan əlavə, "SKYHANSA" Qazaxıstan-Almaniya şirkəti tərəfindən "Xorqos - Şərq Qapısı" xüsusi iqtisadi zonasında saatda 500 nəfərə qədər sərnişin tutumlu terminal, ildə 550 min ton tutumlu yanacaq anbarı, ildə 250 min tona qədər yükün tam emalı üçün yük terminalı, hava gəmilərinə xidmət üçün aviasiya-texniki mərkəz, həmçinin əhali üçün turizm və ticarət-əyləncə xidmətlərinin inkişafı layihəsi həyata keçirilir.
Yerli şirkətlərin təyyarə parkına hər il 10-15 təyyarə daxil edilir. 2025-ci ilin əvvəlinə təyyarə parkı 102 hava gəmisindən ibarətdir. (Report)