İşğaldan azad olunmuş ərazilər tikinti xammalı materialları çay daşı, mərmər daş, mərmər mişar daşı, sement xammalı və digər təbii sərvətlərlə zəngindir.
Bəs, faydalı qazıntı yataqları inşaat materiallarına yararlıdırmı?
FED.az xəbər verir ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Geoloji ekspertiza şöbəsinin müdiri Ramilə Nəzərova bildirib ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində inşaat materiallarına yararlı faydalı qazıntı yataqları mövcuddur:
“Bunlar əsasən, əlvan metallar, mişar daşı, üzlük daşı, qırma daş, qum-çınqıl, gil və qum kimi mineral resurslardır”.
Şöbə müdiri bildirib ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən iri həcmli bərpa və quruculuq işlərində inşaat materiallarına yararlı faydalı qazıntılardan istifadə edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov isə qeyd edib ki, azad edilən torpaqlarımız tikinti xammalı materialları çay daşı, mərmər daşı mərmər mişar daşı, sement xammalı və digər təbii sərvətlərlə zəngindir:
"Lakin həmin mədənlərin hamısından istifadə olunmayacaq. Bildiyimiz kimi, işğal dövründə orada bir sıra mədənlər illər boyunca ermənilər tərəfindən istifadə olunaraq ekoloji cinayət törədilmişdir. Həmin cinayətlərin sübutu olaraq o mədənlərdən istifadə edilməyəcək. Digər mədənlərdə fəaliyyət göstərmək isə sərbəstdir. İstəyən sahibkar ETSN-ə bununla bağlı müraciət edə bilər. İndi də həmin mədənlərdən Qarabağda aparılan tikinti işləri üçün istifadə edilir". (Trend)