Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”, “Anbar binaları. Layihələndirmə normaları", “Fərdi yaşayış evləri. Layihələndirmə normaları” və “Damüstü günəş enerjisi sistemlərinin quraşdırılması üzrə tələblər”i təsdiq edib.
Azərbaycanda əhali üçün yeni qazanc mənbəyi - Komitə sədri qanuni imkanları - AÇIQLADI
FED.az xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.
“Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları” tikilən və yenidən qurulan hündürlüyü 50 m-dən çox olmayan istehsalat, ictimai və hündürlüyü 75 m-dən çox olmayan yaşayış, o cümlədən çoxfunksiyalı binalarda daxili soyuq və isti su təchizatı, kanalizasiya və atmosfer yağıntılarını kənarlaşdıran sistemlərin layihələndirilməsinə şamil edilir.
“Anbar binaları. Layihələndirmə normaları" maddələrin, materialların, məhsulların və xammalın saxlanılması üçün nəzərdə tutulmuş funksional yanğın təhlükəliyi sinfi F5.2 olan anbar binaları və yerləşgələrin inşası və istismarının bütün mərhələlərinə, o cümlədən daxili mühitin verilən parametrlərini saxlamaq üçün xüsusi tikinti tədbirləri tələb olunmayan digər funksional yanğın təhlükəli binalarda yerləşdirilmiş anbar yerləşgələrinə şamil edilir.
“Fərdi yaşayış evləri. Layihələndirmə normaları” fərdi yaşayış evlərinin layihələndirilməsi, tikintisi və təhlükəsiz istismarına dair əsas tələbləri tənzimləyir.
“Damüstü günəş enerjisi sistemlərinin quraşdırılması üzrə tələblər” isə işğaldan azad edilmiş ərazilərdə (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında) “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” ölkə Prezidentinin 3 may 2021-ci il tarixli sərəncamının icrası məqsədi ilə hazırlanıb və damüstü günəş enerjisi sistemlərinin quraşdırılması üzrə tələbləri müəyyən edir.
Nazirliyin Hüquq və icra intizamı şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.