Hazırda əmlak bazarında qiymətlər bahalaşmaqda davam edir.
FED.az xəbər verir ki, bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, əvvəlki dövrlərə nisbətən bazarda alıcı qıtlığı yaşanır.
"İnsanlar bir müddət əvvəl evləri əsasən ipoteka ilə alırdılar. Qiymətlər indi elə həddə bahalaşıb ki, ipoteka ilə də mənzil almaq artıq əlverişli deyil. Belə ki, 4% güzəştli ipoteka ilə maksimum 100 min manat, güzəştsiz ipotekalar isə 150 min manata qədər dəyişir", - deyə ekspert əlavə edib.
E.Fərzəliyev bildirib ki, yay fəsli ilə hazırki dövrü müqayisə etsək çox da qiymət artımı yoxdur.
"Həmişə sentyabr ayının 15-dən əmlak bazarında canlanma baş verirdi. Lakin bu il belə olmadı. Əsasən mənzilə tələbat Yasamal, Nərimanov və Nəsimi rayonlarındadır. Hazırda şəhərin mərkəzi hissələrində qiymətlər çox bahalaşdığından əsas tələbat qiymətləri ucuz olan Abşeron və Xırdalan ərazisindəki mənzillərədir. Həmin ərazilərə tələbatın artması da getdikcə ordakı mənzillərin qiymətlərinin bahalaşmasına səbəb olur. Paytaxtda ortalama qiymət olaraq təmirsiz mənzillərin qiyməti bir kvadrata görə 1500-4000 manat arası dəyişir. Təmirli mənzillərdə isə 2000-4000 manat arası dəyişir.
Kirayə mənzil bazarında isə vəziyyət xüsusilə tələbələr üçün acınacaqlıdır. Kirayə qiymətləri sürətlə artmaqda davam edir", - deyə o, qeyd edib. (Trend)