Azərbaycanda özbaşına tikilən evlərin sənədləşdirilməsi məsələsi aktual olaraq qalır. Qeyri-rəsmi məlumatlara görə, ölkədə 400-500 min belə tikili mövcuddur.
Bakıdakı sənədsiz evlərin ümumi qiyməti – 50 MILYARD MANATA ÇATIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, daşınmaz əmlak eksperti Ramil Osmanlı məsələyə münasibət bildirərək problemin həlli üçün kompleks yanaşmanın vacibliyini vurğulayıb:
"Əslində bir qərarla bu iki prosesi eyni vaxtda icra etmək olar. Yəni qərar verilir ki, amnistiya elan olunsun, özbaşına tikililər sənədləşdirilsin, sənədləşmə işlərinə başlanılsın və eyni qərarın tərkibində də digər bir bənd bütün rayon icra hakimiyyətlərinə və şəhərsalmaya cavabdeh olan qurumlara tapşırılsın ki, bu gündən etibarən özbaşına tikililərin həyata keçirilməsi ilə bağlı çox ciddi tədbirlər həyata keçirilsin, bunun qarşısı alınsın. Hətta oraya əlavə etmək olar ki, belə hallar aşkar olunduqda vəzifəli və fiziki şəxslərin inzibati və cinayət məsuliyyətinə cəlb olunması kimi maddələr də daxil etmək olar".
Ekspert Elnur Azadov isə deyir ki, qanunsuz tikililərlə bağlı problem təkcə onların yerləşdikləri ərazilərlə əlaqədar deyil:
"Qanunsuz tikililərin leqallaşması ümumi coğrafi baxımdan təhlil olunmalıdır. Təbii ki, bunların çox hissəsi ilk olaraq şəhərsalma planlamasına uyğun olmadığına görə həmin ərazi hamısı yaşayış məntəqələri kimi dövlət tərəfindən tanınmalıdır. Bu, birinci istiqamət. İkinci istiqamət isə bu kimi evlərin hüquqi normativ əsaslarından, şəhərsalma əsaslarından düzgün tikilməməsidir. Həddindən artıq çox sıx evlər var ki, orada hər hansı bir təhlükəsizlik təminatının gələcəkdə olması mümkün deyil".
Qeyd edək ki, son bir neçə ildə ölkədə qanunsuz tikililərlə bağlı qanunvericiliyə dəyişiklik edilməsinə başlanılıb.










