Azərbaycanda tikinti obyektinin istismarına icazə verilməsi prosesində dəyişiklik var.
FED.az xəbər verir ki, Milli Məclis fevralın 15-də keçirilən iclasında Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilib.
Yeniliyə görə, məcəlləyə 102.4-3 saylı maddə əlavə edilib.
Bu dəyişiklik Məcəllənin 102.4-2-ci maddəsinin təkmilləşdirilməsi ilə bağlıdır. Həmin maddədə qeyd edilir ki, sifarişçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra tikinti obyektinin istismarına icazə 2 iş günündən gec olmayaraq sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən icazə ləğv edilir və bu barədə 2 iş günü müddətində sifarişçiyə məlumat verilir.
Məcəlləyə təklif olunan indiki əlavə isə icazənin ləğvindən sonra obyektin sahibğinin nə edəcəyi ilə bağlıdır. Yeniliyə əsasən icazə ləğv edildikdən sonra sifarişçi tikinti obyektinin istismarına icazə verilməsi üçün təkrar müraciət edə bilər. Amma bu dəfə sifarişçi yalnız dövlət rüsumunu ödədikdən sonra müraciət edə biləcək. Rüsumun ödənilməsini təsdiqləyən sənəd əlavə edilir. Müvafiq qurum müraciət daxil olduğu gündən 2 iş günündən gec olmayaraq tikinti obyektinin istismarına icazəni sifarişçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.