Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) noyabrın 6-da dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərracı keçirib. FED.az xəbər verir ki, bu gün özəlləşdirilən əmlaklar paytaxtla yanaşı, Ağdaş və Gəncə şəhərlərində yerləşir.
Xidmət sahəsində əlverişli fəaliyyətə imkan verən belə obyektlərdən biri Bakının Xətai rayonu, S.Senyuşkin küçəsindədir. Ümumi faydalı sahəsi 49.9 kv.m olan bu dövlət əmlakı üçün 2 vətəndaş sifariş verib, hərracda 12 min 500 manat təklif edən iştirakçı qalib olub.
Digər bir iaşə obyekti kimi istifadəyə imkan verən əmlak Ağdaş şəhəri, 20 yanvar küçəsində yerləşir. Onun ümumi faydalı sahəsi 15.1 kv.m-dir. Yerləşdiyi ərazi və uyğun satış qiyməti ilə bu obyekt sahibi üçün kiçik sahibkarlıq fəaliyyətində əlavə imkanlar yarada biləcək.
Bu dəfə özəlləşməyə çıxarılan nəqliyyat vasitələrindən biri olan Fiat Doblo markalı avtomobil də vətəndaş marağına səbəb oldu. Belə ki, bu avtomobilin hərracında vətəndaş son qiymət olaraq 3 min 500 manat təklif etdi.
Komitə tərəfindən reallaşan hərraclarda özəlləşdirilən dövlət əmlakları investorlar üçün biznes fəaliyyətində yaxşı gəlir mənbəyi olmaqla yanaşı, ölkə iqtisadiyyatı üçün də müsbət təsir imkanları yaradır.
Müasir səviyyədə yenidən qurulan biznes obyektləri yeni iş yerlərinin yaradılmasına, istehsal olunan məhsullar və göstərilən xidmətlər isə daxili tələbatın ödənilməsinə şərait yaradır.
Əmlak Məsələləri Dövlət Komitəsinin şəffaf və açıq formada keçirdiyi özəlləşdirmə hərracları investorların bu sahədə aktivliyinə və geniş formada iştirakının təminatına yönəlib. Rahat və əlçatan prosedurlar hər kəsin hərraca canlı və ya onlayn formada qoşulmasını mümkün edir.
Qeyd edək ki, 13 noyabrda növbəti hərrac təşkil ediləcək. Bu hərraca ümumilikdə 73 dövlət əmlakı çıxarılıb. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 10-u nəqliyyat vasitəsi, 3-ü isə yarimçıq tikilidir.
Dövlət əmlakları ilə tanış olmaq, hərracın sifarişçisinə çevrilmək, prosesə onlayn qatılmaq üçün Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir.
Obyekt, kafe və avtomobil satıldı – ƏMLAK HƏRRACI
15:30
6 Noy 2018