Akkord Sənayə Tikinti İnvestisiya Korporasiyası ASC bəzi kütləvi informasiya vasitələrində yayılan Korporasiya tərəfindən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllədə inşa edilmiş yaşayış kompleksində aparılan söküntü-quraşdırma işləri ilə əlaqədar informasiyalara aydınlıq gətirib.
ASC-dən bildirilib ki, Akkord Sənayə Tikinti İnvestisiya Korporasiyası tərəfindən inşa edilmiş “Uğur-2” yaşayış kompleksində sakinlərin tam təhlükəsizliyinin təmin edilməsi məqsədilə binaların fasad hissələrinin üzlənmiş üzlük materiallarının yanğına davamlı olması barədə və çətin yanan materiallar qrupuna aid olması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafzə Xidmətinin müvafiq rəyinin olmasına baxmayaraq tərəfimizdən həmin üzlüklərin sökülməsinə qərar verilib:
Söküntü işlərinin icra olunduğu müddətdə təhlükəsizliyi təmin etmək məqsədilə bir sira tədbirlər görülüb. Belə ki, ümumilikdə prosesə nəzarətin təmin edilməsi və sakinlərin narahatlığının azaldılması üçün Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri ilə müqavilə bağlanıb, yaşayış kompleksi daxilində xüsusi postlar yerləşdirilib. İşlər tamamilə texniki təhlükəsizlik qaydalarına uyğun şəkildə aparılır. Qış mövsümündə hava şəraitinin əlverişliz olması ilə əlaqədar, söküntü işlərinin yay aylarında həyata keçirilməsi məqsədəuyğun hesab edilib".
Qeyd edilib ki, yaşayış kompleksində icra edilən söküntü-quraşdırma işləri hissə-hissə təmin edildiyindən, kompleksin daxilində bir sıra yerlər, eyni zamanda yaxınlıqda yerləşən parklar sakinlərin xidmətinə verilib:
"Aldığımız məlumata əsasən, həmin əraziyə verilən qaz xəttində məhdudiyyətlər olsa da, hazırda qazın verilməsi təmin olunub.
“Uğur-2” yaşayış kompleksində mövcud mənzillərin (əksəriyyətinin) satışı 25 illik ipotekə krediti vasitəsilə həyata keçirilib. Sakinlərin 73%-i hələ də tam ödəniş etməyiblər. Bəzi sakinlərin mənzil alma peşmançılıqları ilə bağlı korporasiyaya hər hansı şikayət daxil olmayıb, əks təqdirdə, müqavilələrə yenidən baxıla bilər.
Mənzillərə dövlət reyestrindən çıxarışların alınması üçün zəruri tədbirlər həyata keçirilir. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq rəyi alınmış, eyni zamanda hüquqi və texniki sənədləşdirmə işləri aparılıb. Cari ilin sonunadək binaların təhvil verilməsi və mənzillərin çıxarışla təmin edilməsi yekunlaşdırılacaq".