Prezident İlham Əliyev Nazirlər Kabinetinə dövlətin adından çoxmərtəbəli binalara xidmət göstərən strukturun yerinə yetirilən iş və xidmətlərdən əldə edilən vəsaitlərdən istifadə qaydalarını hazırlamaqla bağlı tapşırıq verib. Ekspertlər hesab edirlər ki, hökumət publik hüquqlu yeni bir agentlik yaratmağa hazırlaşır.
Dövlət başçısının oktyabrın 18-də imzaladığı sərəncama əsasən, bu tənzimləməni müəyyən etmək üçün hökumətə üç ay müddət verilib. Mənzil Məcəlləsinə əsasən, yaşayış binalarının birgə istifadəçiləri ümumi daşınmaz əmlak üzrə müəyyən hüquqlara malikdirlər və ondan istifadə üzrə funksiyalar yerinə yetirirlər. Məcəllənin 2000-ci ildə qüvvəyə minməsinə baxmayaraq, bu günə qədər yalnız bir neçə mənzil sahibləri birliyi yaradılıb. Görünür, praktikada müəyyən funksiyaların yerinə yetirilməsində dövlət orqanları ilə münasibətlərdə müəyyən problemlər var. Yaşayış binasına bitişik ərazilərin abadlaşdırılması, fasadının təmiri və s bu problemlər arasında göstərilə bilər.