Azərbaycanda yeni tikililərdən (o cümlədən MTK-lardan) mənzil və obyektlərin alınmasında yeni qayda tətbiq ediləcək.
FED.az xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əasən, yeni tikililərdə mənzil və ya obyekt alınan zaman ödəniş nağdsız qaydada (kartla və ya köçürmə yolu ilə – FED.az) edildikdə tutulan verginin bir hissəsi geriyə, müştəriyə qayıdacaq.
Eləcə də bax: «Bakıdakı «novostroyka»lar maya dəyərindən - 80% BAHA SATILIRDI»
Belə ki, məcəlləyə aşağıdakı məzmunda yeni 165.6-cı maddə əlavə edilib.
«165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir».
Bu qaydaya əsasən, məsələn hər hansı fiziki şəxs Bakıda yeni tikilidən 100 min manat ödəyərək ev və ya obyekt aldıqda, əgər həmin pulu kartla və ya köçürmə yolu ilə ödəsə, verdiyi pulun 5400 manatını (100 min X 18% (ƏDV) X 30%) geri ala biləcək.
Eləcə də bax: «Novostroyka»lardan tutulan vergi artacaq – «BU VARİANT DAHA ƏDALƏTLİDİR»
Amma bunun üçün hələ Nazirlər Kabineti bu yeniliklə bağlı qaydaları hazırlayıb təsdiqləməlidir. Məcəlləyə dəyəşikliklərin təsdiqlənməsi ilə bağlı prezidentin fərmanında dövlət başçısı bu qaydaların hazırlanması üçün Nazirlər Kabinetinə 3 ay vaxt verib.
Tapşırığa əsasən NK fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərinin və qaydasının layihəsini 3 ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Bununula yanaşı, qeyd edək ki, oxşar qayda 2019-cu ilin əvvəlindən mağazalarda alış-veriş edənlərə də tətbiq edilmişdi. Yəni mağazada və ya restoranda ödənişi kassa və kartla elənlər ƏDV-nin 10-15%-ni geri ala bilərdilər. Amma Nazirlər Kabineti indiyədək bu qaydanı hazırlamadığına görə, ötən il istifadəçilər bu hüquqdan istifadə edə bilməyiblər.